Cəmiyyət olaraq aqressiv yanaşmalardan, kəskin və sərt münasibətlərdən şikayətlənirik. İnsanların əsəbləri müxtəlif səbəblərdən gərgin olur.
Psixoloji gərginlik zəif iradəli insanları intihara, hətta cinayətə sürükləyə bilər. Bəs bütün bu gərginliklərdən uzaq qalmaq üçün nə etmək lazımdır? İnsan öz psixi sağlamlığının qayğısına necə qalmalıdır?
Medicina.az Oxu.Az-a istinadən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun psixiatriya və narkologiya kafedrasının müdiri, Əməkdar müəllim, tibb elmləri doktoru, Respublikanın baş psixiatrı Teymur Qafarovun müsahibəsini təqdim edir:
- Psixiatriya ilə psixologiyanı fərqləndirən cəhətlər hansılardır?
- Psixiatriya tibb elminin bir sahəsidir, kliniki təbabətin ixtisası kimi psixi xəstəliklərin və pozuntuların səbəblərini, daxili inkişaf mexanizmlərini, əhali arasında yayılmasını öyrənir, onların diaqnostikası, müalicəsi və fəsadlarının reabilitasiyası ilə məşğul olur.
Psixologiya isə humanitar elm sahəsi olaraq psixi fəaliyyətin yaranması, formalaşması və inkişafının qanunauyğunluqlarını öyrənir, eyni zamanda, ayrı-ayrı psixi funksiyaların və müxtəlif psixoloji halların xüsusiyyətlərini tədqiq edir. Daha qısa desək, psixologiya ümumən normal psixi fəaliyyətin problemləri ilə məşğul olur, psixiatriyanın sahəsi isə psixi fəaliyyətin patoloji hallarıdır.
- Bu elm sahələrində çalışan mütəxəssislərin fəaliyyəti də fərqlidir?
- Bu iki sahənin mütəxəssisləri arasında xeyli fərqlər var. Psixiatr olmaq üçün digər həkim ixtisasları kimi, əvvəl Tibb Universitetini, sonra isə rezidenturanı bitirmək lazımdır. Psixiatr həkimdir və digər həkim mütəxəssislər kimi ümumi tibbi qaydalara riayət edir.
Bundan fərqli olaraq, psixoloq həkim hesab edilmir. Onlar tibb təhsilli deyil, psixi xəstəliklərlə bağlı diaqnoz qoymaq səlahiyyətləri yoxdur. Psixiatrlar heç də cəmiyyətin adlandırdığı kimi, "dəli həkimi” deyil. Bu ifadə, siz də qəbul edərsiniz ki, heç bir tərəfdən doğru deyil. Bu cür yanaşmaların nəticəsidir ki, insanlar həkimə getməkdən çəkinir, qorxur.
- Axı psixoloqlar psixi sağlamlıq məsələlərində də iştirak edirlər.
- İştirak edirlər, amma öz səlahiyyətləri daxilində. Təəssüf ki, bu gün psixoloqlar ixtiyarları olmayan halda diaqnoz belə qoyurlar. Şəxsən özüm şahid olmuşam, bizim bəzi telekanallarda təşkil olunmuş verilişlərdə, psixoloqlar tərəfindən ayrı-ayrı vətəndaşlarımıza tibbi diaqnozlar qoyulub. Hətta həkim-psixiatrların qoyduğu diaqnoz, təyin etdikləri müalicəni belə səlahiyyətləri olmadıqları halda müzakirə edirlər. Psixoloqların yol verdiyi bu davranışlar qəbuledilməzdir.
- Hazırda səhiyyə sistemində nə qədər həkim-psixiatr var?
- Respublikamızda həkim-psixiatrların və psixi sağlamlıq sahəsində çalışan digər mütəxəssislərin, həkim-narkoloqların ümumi sayı 400 nəfərdir. Əslində, bu, o qədər də kiçik göstərici deyil. Orta hesabla hər 100 min əhaliyə dörd psixiatr düşür. Amma bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunmuş göstəricilərlə müqayisədə azdır. Bununla əlaqədar, Səhiyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür. Son bir neçə ildə həkim-psixiatr və həkim-narkoloqların hazırlanması üçün rezidentura hazırlığında bu ixtisaslar üzrə yerlərin sayı xeyli artırılıb.
Eyni zamanda, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə dövlət tibb müəssisələrində 2015-ci ildən psixoloqlar üçün iş yerləri ayrılıb. Dünya praktikasında qəbul olunmuş qaydalara əsasən, tibb müəssisələrində fəaliyyət göstərən psixoloqların kliniki psixologiya üzrə ixtisaslaşmaları olmalıdır. Bununla əlaqədar, Səhiyyə Nazirliyinin 2015-ci ilin 86 nömrəli əmri var.
- Respublikamızda neçə rəsmi olaraq qeydiyyatda psixi pozuntusu olan şəxs var ?
- Bu suala cavab vermək üçün dəqiqləşdirmə aparılmalıdır. Ümumən, heç bir ölkədə hansısa dövr üçün bütün psixi pozuntusu olan şəxslərin dəqiq sayını demək olmaz. Rəsmi məlumat dispanser müşahidəsində olan şəxslərə aiddir və xroniki, davamlı ağır, yaxud tez-tez kəskinləşən xəstəliyi olan şəxslər üzərindən təyin edilir. Burada vacib bir məsələni vurğulamaq istərdim. Dispanser müşahidəsi əhalimizin, hətta bəzi rəsmi şəxslərin dilində olan "qeydiyyat” yox, bir növ psixiatriya yardımıdır. Bizim qanunvericiliyə əsasən, xəstə sağaldıqda və ya onun psixi vəziyyəti xeyli yaxşılaşdıqda, dispanser müşahidəsi dayandırılır.
Bir çox dövlətlərlə müqayisədə, Azərbaycanda əhali arasında psixi pozuntusu olan şəxslərin sayı azdır. Onların sayı 100 min nəfər civarındadır ki, bu da respublika əhalisinin təxminən 1 faizini təşkil edir. Hətta nəzərə alsaq ki, bu növlü pozuntuları olan insanlarımız və onların qohumlarının bir qismi psixiatriya yardımı üçün rəsmi müraciət edərək qeydiyyata alınmaqdan yayınırlar, yenə də onların ümumi sayı çox deyil. Ümumdünya Səhiyyə Təşkilatının hesablamasına görə, bütün ölkələr üzrə əhalinin 25 faizinin həyat dövründə hansısa psixi pozuntular yaşana bilir.
- Dərman preparatlarının qəbulu pasiyentlərdə gələcək həyatda hər hansı fəsadlara yol aça bilirmi? Müalicədə tərkibində yüksək dozada sakitləşdiricilər olan preparatlardan istifadə edilir.
- Psixiatriyada dərman preparatlarının qəbulu və onunla əlaqədar hansısa fəsadların olması ehtimalının tibbin digər sahələrində olan problemlərdən heç bir fərqi yoxdur. Dərman preparatlarının təyini həkim-psixiatrın müstəsna səlahiyyətidir, konkret göstərişlərə və sübutlu təbabətin qaydalarına əsaslanır.
Müalicə zamanı tərkibində yüksək dozada sakitləşdiricilər olan preparatların istifadəsinə gəldikdə, demək lazımdır ki, xəstələrin böyük əksəriyyəti könüllülük və məlumatlı razılıq əsasında müalicə olunurlar. Hazırda dərmanların təsiri imkanlarında irəliləyiş var. Onların tətbiqində əsas meyarlar məqsədəuyğunluq və minimal kifayətedici dozadır.
- Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında vəziyyət necədir?
- Adından göründüyü kimi, bu, respublika miqyaslı xəstəxanadır və hazırda ölkəmizin aparıcı psixiatriya müəssisəsidir. Bu xəstəxananın böyük tarixi var, onun əsası 1936-cı ildə qoyulub və ağır, müalicə imkanları məhdud, ailə əlaqələrini itirmiş xəstələrin yerləşdirilməsi üçün nəzərdə tutulub. Ötən illər ərzində bu xəstəxananın müxtəlif dövrləri olub. Hətta ötən əsrin 80-ci illərində respublikanın bütün tibb müəssisələri arasında ən yüksək nailiyyətlərə görə xəstəxana üç il ardıcıl Sovetlər İttifaqı dövründə dəbdə olan keçici "Qırmızı Bayrağa” layiq görülüb. Sonralar müxtəlif səbəblərdən xəstəxana çətin dövrlər keçirib.
Hər kəsin "dəlixana” adlandırdığı xəstəxana çətin yollardan keçib. Respublikamızda səhiyyə sistemində öncə qeyd olunan yenidənqurma prosesləri bu xəstəxanadan da yan keçməyib. Son 10 il ərzində xəstəxananın tarixində bundan qabaq görünməyən inkişaf var. Bütün köhnə şöbələr sökülüb, onların yerinə yeniləri tikilib, nisbətən yeni olan şöbələr əsaslı təmiri edilib və onların hamısının müasir tibbi avadanlıqla təchizatı təmin edilib.
Xəstəxananın fəaliyyətini təmin edən bütün əsas və yardımçı bölmələri yenidən qurulub, ərazisi abadlaşdırılıb. Xəstələrin müalicə və qidalanma təminatı bu günün tələblərinə tam uyğundur. İki mindən artıq xəstənin müalicə və reabilitasiya olunması üçün, demək olar ki, bütün lazımi şərait yaradılıb.
- Sağalmayan psixi xəstəliklər mövcuddurmu?
- Bu suala qısa cavab odur ki, tibbin digər sahələrində mövcud olan xəstəliklər arasında sağalan və tam sağalmayan xəstəliklər olduğu kimi, bizim sahəmizdə də var. Konkret hansı xəstəliklərin nəzərdə tutulduğunu bilmək lazımdır. Əksər hallarda insanlar şizofreniyanın ən ağır psixi xəstəlik olduğunu düşünürlər. Bu da əhali arasında psixiatriya və onun daxilində ayrı-ayrı xəstəliklər barəsində yanlış təsəvvürlər yaradır.
Şizofreniya xəstəliyinə gəldikdə, tibbi meyarlara görə bütün xəstəliklərin müəyyən dərəcələri var ki, ondan sonra geri dönüş əldə etmək olmur. Bu xəstəliyin müxtəlif kliniki mənzərəsinə və inkişaf dərəcəsinə baxmayaraq, bu gün də bütün dünya səviyyəli psixiatrlar yekdilliklə bildirirlər ki, şizofreniyanın kifayət qədər güclü müalicə imkanları var.
Müasir dərman preparatları bu imkanları daha da genişləndirib. Bununla yanaşı, məsələn, Alzheimer xəstəliyini nümunə gətirmək olar. Bu xəstəliyin əsas mahiyyəti beyin hüceyrələrinin atrofiyasıdır. Bu gün bu xəstəliyin müalicəsi istiqamətində verilən proqnozlar mənfidir.
- Hipnoterapiya psixi pozuntuların müalicəsində istifadə edilirmi?
- Hipnoterapiya psixiatriyanın müalicə üsullarından biri olan psixoterapiyanın növüdür. Onun qədim tarixi var. O dövrlər müalicə vasitəsi kimi geniş istifadə olunurdusa, bu gün hipnoterapiya üsulundan istifadə minimum həddədir. Özünü doğrultmadığı üçün onun müalicə metodu kimi tətbiqi də xeyli məhdudlaşdırılıb. Bu gün psixi pozuntuların müalicəsində digər psixoterapiya üsulları özünü daha çox doğruldur.