Bildiyiniz kimi testosteron kişi cinsiyyət hormonudur. O, kişilərdə fiziki kişilik əlamətlərinin formalaşmasında başlıca rol oynayır. Ortalama olaraq bir kişinin testosteron səviyyəsi qadınınkından 40-60 dəfə çox olur. Kişilərdə əzələlərin böyüməsi, güc və s. kimi faktorlar testosteronla tənzimlənir.
Hər bir insanın testosteron səviyyəsi fərqlidi. Testosteron, əzələlərinizin nə qədər böyüyəcəyini müəyyənləşdirir. Başqa sözlə əzələləriniz, testosteron səviyyəsinin imkan verdiyi qədər böyüyəcək.
Bəs testosteronu necə artırmaq olar? Bu məqalədə təbii yollarla artımdan danışacağıq.
Bəzən atletlər süni sintetik testosteron (steroidlər) qəbul etməklə bədəndəki testosteron səviyyəsini qaldırırlar. Lakin bunu fəsadları çox böyükdür. Belə ki, kənardan testosteron qəbulu zamanı bədənin özünün ifraz etdiyi testosteron səviyyəsi düşür və siz kənar qəbulu dayandırdığınız zaman bədəndə testosteron səviyyəsi çox aşağı olur. Bu da əzələlərin kiçilməsi və cinsi istəksizliyə gətirib çıxarır. Bundan əlavə xərçəng, ürək xəstəlikləri və s. kimi risklər də mövcuddur.
Testosteronu artırmaq üçün nə etmək lazımdır?
Bir çox bitki mənşəli preparatlar var ki, testosteronu artırdığı deyilir. Lakin araşdırmalar göstərib ki, bu vasitələr cinsi istəyi artırsa da, əzələ artımına elə də ciddi bir təsiri olmayıb.
Real təsir edə biləcək vasitələr mövcuddur. Ancaq bu, testosteron səviyyəniz normadan aşağıdırsa, onu normal səviyyəyə qaldırmağa kömək edir. Normadan artıq qaldırmaq üçün bu vasitələr yetərli deyil.
Amma testosteron səviyyəniz aşağıdırsa və siz onu normala qaldırırsınızsa, bu əzələ artımı üçün istənilən halda çox effektiv olacaqdır.
Bu vasitələr Sink, Maqnezium mineralları və D3 vitaminidir.
Bədəndə testosteron ifrazının artması üçün bu mikroelementlər əvəzsizdir. Gündəlik Sink norması 20-30 mq, Maqnezium isə 200-400 mq-dır.
Sink və Maqnezium bədənimizdən tər vasitəsilə çıxır. Ona görə də ağırlıqla məşğul olan idmançılarda çox vaxt onların çatışmazlığına rast gəlinir. Əlavə Sink-Maqnezium qəbulu bu çatışmazlığı aradan qaldıra bilər.
Maqnezium və Sinklə zəngin yeyinti məhsulları arasında ən çox yayılanları dəniz məhsulları, badam, balqabaq tumu, kakao, toyuq əti, mal əti, qoyun əti, süd, qatıq, ıspanaq və s. bu mikroelementlərlə zəngin qidalardır.
Digər testosteron artıran vitamin isə D3-dür. Gündəlik normadan əlavə qəbul etməyin. Əgər isti iqlimi olan yerdə yaşayırsınızsa və günəşli havada bir neçə saat bayırda olursunuzsa bu vitaminin çatışmazlığı ehitmalı azdır. Lakin digər hallarda əlavə olaraq qəbul edə bilərsiniz. Azərbaycan, iqliminə görə bu cəhətdən əlverişlidir.
D vitamini, testosteron artımına, bununla da əzələ böyüməsinə və yağların əriməsinə təsir edir. Həmçinin, özümüzü gümrah hiss etməmizdə və əhval-ruhiyyəmizin yaxşı olmasında da rol oynayır.
D vitamini ilə zəngin qidalara isə balıq yağı, dəniz məhsulları məhsulları, yumurta, süd və s. misal göstərmək olar.
Son olaraq belə yekunlaşdırmaq istərdimi ki, bu vitaminlər sizin testosteron səviyyənizi normadan yuxarı qaldırmasa da, normal səviyyəyə qaldırmağa kömək edəcək (əgər səviyyəsi normadan aşağıdırsa). Bu əlavələri multivitaminlərin tərkibində və ya hər birini ayrı-ayrılıqda alıb istifadə edə bilərsiniz.