Tərxun uzun və nazik yarpaqlara malik olan ədviyyat bitkisidir. Onun həm təzəsinin, həm də qurudulmuşunun tərkibi efir yağları ilə zəngindir. Buna görə də tərxunun hər iki formasından geniş istifadə olunur.
Medicina.az bu bitkinin faydaları haqqında məlumatları təqdim edir.
Tərxun müalicəvi bitki kimi xalq təbabətində bir çox reseptlərdə istifadə olunur.
Tərxunun tərkibi zülallar, karbohidratlar, yağlar, mikro və makro elementlərlə, PP, C, B1, B2, B6 vitaminləri ilə zəngindir. Tərxunun tərkibində uçucu yağlar (fenxen, borneol, sineol, kamfen, yuyon və s.), təbii turşular, qətran maddəsi var.
• Həzm sistemini yaxşılaşdırır, mədənin fəaliyyətini gücləndirir.
• Damaqda iltihab zamanı olduqca faydalı vasitədir.
• Qanı təmizləyir.
• Damarların divarında yaranan problemləri aradan qaldırır.
• Sidikqovucu, ödqovucu xassəyə malikdir.
• Mədə şirəsinin çoxalmasına səbəb olur.
• İştahasızlığı aradan qaldırır.
• Sinir sisteminə müsbət təsir edir. Əsəb gərginliyini aradan qaldırır.
• Zehni yorğunluğu aradan qaldırır.
• Oynaqlardakı kirəclənmənin qarşısını alır.
• Bronxial xəstliklər zamanı faydalıdır.
Tibbdə tərxundan müxtəlif dərman vasitələrinin hazırlanmasında geniş istifadə edilir. Tərxundan iynə müalicəsi kimi qədim zamanlardan istifadə edilib. İndi də Çin təbabətində bu vasitə geniş tətbiq edilir.
Sinir sistemində problemi olanlar, əsəb gərginliyini aradan qaldırmaq istəyənlər üçün bir xörək qaşığı tərxun yarpağını bir stəkan qaynar suda dəmləmək lazımdır. Dəmlənmiş məhlulu bir saat saxladıqdan sonra soyudub gündə üç dəfə 100 qram qəbul etməklə yararlana bilərsiniz.
Yuxusuzluqdan şikayət edənlər bir xörək qaşığı tərxun yarpağını bir stəkan suda 5 dəqiqə qaynatmalı, sonra onu bir saat dəmdə saxlamalıdır. Yatmazdan qabaq dəsmalı həmin məhlulla isladıb, alın hissəyə təpki (kompres) qoymaq lazımdır. Bu, normal yuxunuzu təmin edəcək.
İştahanı artırmaq üçün gündəlik içdiyiniz çayı dəmləyərkən ona bir çay qaşığı qurudulmuş tərxun və nar qabığının qabıqlarının qurusunu əlavə edin. 10 dəqiqə dəmdə saxladıqdan sonra üzərinə bir stəkan qaynar su əlavə edin və təkrar 15 dəqiqə dəmdə saxlayın. Gün ərzində 3-4 stəkan bu çaydan istifadə etməklə iştahanızı bərpa etmiş olarsınız.
Dəri qızarması, dəridə köpüklərin əmələ gəlməsi, irinləmə zamanı da tərxun köməyinizə çatar. Bunun üçün 20 qram tərxun qurusunu əzmək və yüz qram kərə yağı ilə qarışdırmaq, alınmış kütləni 7 dəqiqə zəif odun üstündə qarışdıra-qarışdıra bişirmək lazımdır. Sonra onu şüşə qaba boşaldaraq soyuducuda saxlayın. Soyudulmuş kremə bənzər kütləni dərinizin problemli hissəsinə pambıqla çəkin.
Tərxunun suyu kosmetik vasitə kimi istifadə olunur. Onu üzə çəkməklə qırışların qarşısını almaq olar. Həm də üz dərisi təravətli görünər.
Sərinləşdirici içki hazırlayarkən də tərxundan istifadə etmək olar. Bunun üçün bir dəstə tərxunu xırda-xırda doğrayıb 3 litr suya əlavə edin və qaynayana qədər gözləyin. Qaynamağa başladıqdan bir dəqiqə sonra götürün. İki limonun şirəsini və zövqünüzə uyğun, yaxud təxminən 6-8 xörək qaşığı şəkər tozu əlavə edin. Soyutduqdan sonra için.
Tərxundan çay da hazırlamaq mümkündür. Belə ki, qurudulmuş tərxun yarpaqlarından bir çay qaşığı götürün. Dəm çaynikinə tökün, üzərinə bir stəkan qaynadılmış su əlavə edin. 10 dəqiqə dəmlənməsini gözləyin. Daha sonra için. Nuş olsun.
Sonda isə qeyd edək ki, hamiləlik və südvermə ərəfəsində olan qadınlar tərxundan istifadə etməzdən əvvəl həkim ilə məsləhətləşsin.