Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti Tərtərdəki mina partlayışı ilə bağlı məlumat yayıb.
ANAMA-dan
Medicina.az -a verilən məlumatda bildirilib ki, 6 oktyabrda Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.
“Məlumata əsasən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1986-cı il təvəllüdlü Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsin hər iki ayağı amputasiya edilib”.
ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır:
"Təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər. Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:
· Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!
· Yalnız gündəlik işlək yollardan istifadə edin!
· Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!
· Naməlum əşyalara toxunmayın!
· Özünüzü, ailənizi, yaxınlarınızı düşünün".