Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tərləmə ciddi cərrahi müdaxilə gərəkdirə bilər

  • 2017.09.22 11:52
  • 17231 Baxış
Tərləmə ciddi cərrahi müdaxilə gərəkdirə bilər
Bədəndən gələn xoşagəlməz qoxu çox vaxt tərləmə ilə əlaqədar olur, lakin əksər hallarda tərləmə orqanizmdə gedən dəyişikliklərin əlaməti kimi meydana çıxır. Tibdə onu hiperhidroz adlandırırlar.


Medicina.az xəbər verir ki, bu barədə azərtac-a məlumat verən Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının həkim-terapevti, allerqologiya və pulmonologiya söbəsinin müdiri, assistent Kəmalə Agayeva deyib: "Tərləmə tər vəzilərinin normal funksiyası olduğu halda, hiperhidroz həmin vəzilərdə hiperfunksiya nəticəsində yaranan patoloji vəziyyətdir. Təəssüf ki, hiperhidrozun səbəbləri indiyə qədər tam dəqiq müəyyən edilməyib. Vərəm, limfoqranulomatoz, infeksion xəstəlik olan brusellyoz, ürək-damar, böyrək, endokrinoloji xəstəliklər, piylənmə, sinir-emosional gərginlik, həmçinin çox kəskin ədviyyatlı, isti qidaların qəbulundan sonra sintetik parçalardan hazırlanmış geyimlərdən istifadə ediləndə və isti mühitdə qalanda güclü tərləmə yaranır. Tərləmə əsasən ovucda, qoltuqaltı və ayaqaltı nahiyələrdə, qasıq büküşlərində baş verir, mikrobların və göbələklərin artması üçün şərait yaranır və bakteriyalar tər vəzisi hüceyrələrinin protoplazmasını, o cümlədən dərinin buynuz qatını parçalayır, nəticədə doymamış yağ turşuları, müxtəlif ammonyak birləşmələri xaric olur və həmin nahiyələrdə pis qoxunun yaranmasına şərait yaranır”.


Allerqoloq-pulmonoloq daha sonra deyib: "Tərləmə orqanizmin istilik tənzimini həyata keçirir və böyrəklərin işi bir qədər azalır. Tərləmə iki cür olur: lokal və ümumi. Lokal tərləmənin qarşısını gigiyenik qaydalara düzgün riayət etmək, müntəzəm yuyunmaq, bitkilərdən hazırlanmış isti vanna qəbul etməklə, tərləmə ayaqlarda olanda ayaqyalın gəzmək və digər üsullarla almaq mümkün olduğu halda ümumi tərləmə zamanı həmin prosedurlar heç bir səmərə verməyə, hətta ciddi olaraq cərrahi müdaxilə də tələb edə bilər. Onu da qeyd etmək lazımdır ki, uzun müddət antiseptik məhlulların istifadə edilməsi dərinin həssaslığını artıraraq digər pozğunluqlara, məsələn, allergik dermatitin yaranmasına səbəb olması mümkündür. Tərləmənin qarşısını almaq üçün operativ müdaxilə zamanı onurğa sütununun yaxınlığında yerləşən və tərləməni tənzimləyən simpatik sinir sisteminin regional düyünləri açıq və ya ənənəvi yolla kəsilərək simpatik denervasiya olunur. Hər bir cərrahi müdaxilə kimi onun da ağırlaşmaları - hematomaların yaranması, plevranın zədələnməsi və s. baş verə bilər. Peşəkar cərrahların apardığı əməliyyatlardan sonra həmin travmalar nadir hallarda yaranır. Lakin əməliyyatdan sonra bədənin digər nahiyələrində kompensator tərləmənin yaranması heç də peşəkarlıqdan asılı olmur. Həmin hala nadir halda təsadüf edilsə də, cərrahi müdaxilə tələb olunur. Ümumi müalicə zamanı medikamentoz terapiya, fizioterapiya və müalicəvi məşqlər tələb edilir. Onun qarşısını almaq üçün həkim-vegetoloqla məsləhətləşmək lazımdır”.


"Son vaxtlar xəstələr həmin problemin həlli üçün kosmetoloq və dermatoloqlara üz tutur və onlar botoks üsulu ilə müalicə apararaq təryaranmanı müvəqqəti olaraq dayandırırlar. Lakin bu, 5-9 ay davam edir. Ən ucuz yol isə antiperspirantlardan istifadə olunmasıdır. Xüsusilə yay vaxtı çox istifadə edilən antiperspirantların tərkibinə alüminiumun müxtəlif duzları, sink, sirkonium, qurğuşun, dəmir, formaldehid, etil spirti və s. daxildir. Həmin üsullar tərləmənin qarşısını təxminən 40 faiz alır”, - deyə həkim fikrini yekunlaşdırıb.