Tərin əsas hissəsini su təşkil edir. Bu səbəbdən tər iysizdir.
Lakin dəriyə düşəndən sonra tər burada yaşayan mikroblar, toz və s. ilə əlaqəyə girir və bu da tərin iyini dəyişir.
Medicina.az Saglamolun.az-a istinadən xəbər verir ki, gigiyena qaydalarının pozulması, çoxlu turş, qızardılmış, ədviyyatlı qidaların qəbulu tər iyinin dəyişilməsinə, daha kəskin olmasına səbəb olur.
Lakin bəzən tər iyinin dəyişilməsi (sirkə, aseton, xara olmuş balıq iyi və s.) hər hansı xəstəliyin simptomu da ola bilər. Belə ki, tərdən gələn turş, sirkə iyi bu kimi xəstəliklərin simptomu kimi meydana çıxa bilər:
- Şəkərli diabet. Tər iyinin dəyişilməsindən əlavə insanda səbəbsiz susuzluq, sidik ifrazının artması, yaraların gec sağalması kimi simptomlar əmələ gəlir.
- Qadınlarda mastopatiya zamanı tərdən sirkə iyi gəlir. Süd vəzilərdə ağrlar, bərkimiş sahələr varsa, mütləq mammoloqa müraciət edin.
- Vərəm xəstəliyi. Zəiflik, tez yorulma, gecə saatlarında güclü tərləmə vərəm xəstəliyinə işarə edə bilər.
- Qalxanvari vəzinin fəaliyyətində pozulmalar.
- D və B qrupu vitaminlərinin çatışmazlığı.
- Uşaqlarda raxitin inkişafı zamanı tərin iyi dəyişilir, turş olur. Buna vaxtında fikir vermək lazımdır. Həkim uşağa D vitamini təyin edə bilər.