İnsan bədənini təmizlikdə saxladığı kimi ruhunu da "yuyundurmalıdır”.
Bədənimiz ətraf mühitlə təmasda çirklənirsə, ruhumuz da eynilə çirklənir. Ətraf mühitin təmizliyi bədənimizin təmizliyinə təsir etdiyi kimi, fikirlərimizin də ruhumuzun gigiyenasına təsiri var.
Ruhun bu tələbatından xəbərsiz kəslər isə bədənini yox, evini təmiz saxlamaqla ruhunu "yumaq” istəyir. İnsan qeybət etdikcə, söyüş söydükcə, başqalarında yalnız pis keyfiyyətlər axtardıqca, emosional olaraq da neqativ hisslər yaşayır. Bu, günlərlə, aylarla davam edir. Ruhun yaxşı fikir, söz və əməllə təmizlənməsinə ehtiyac olduğunu bilmədiyi üçün həmin kəs başlayır bədənini və ətrafını səliqəyə salmağa. Bu, adi səliqə-sahman və təmizlik deyil, bu, səhər yataqdan qalxandan yatana qədər yuyub yığışdırmaq və ətrafda hər şeyi ideal görmək istəyidir.
Əslində, bu insanlar şüuraltı olaraq ruhunun kirləndiyini anlayır, amma bu haqda məlumatlı olmadığı üçün maddi dünyasını təmizləməyə başlayır. Təbii ki, bu təmizlikdən ruha bir şey düşmür. Odur ki, maddi dünyanı səliqədə saxlamaq ehtiyacı durmadan artır. Nəticədə isə təmizliyə və səliqə-sahmana bağlılıq kimi bir psixoloji problem yaranır. Mütəxəssislərin fikrincə, Azərbaycanda bu xəstəliyin müxtəlif formaları yayğındır. Siz bu ifadəni yəqin ki, tez-tez eşidirsiniz: "Mən təmizlik xəstəsiyəm”. Cəmiyyətimizdə bununla qürür duyulur, səliqəsi yerində olmayanlara rişxənd belə edilir.
Maraqlıdır ki, evini təmiz və səliqəli saxlayan kəs heç də həmişə öz görünüşünə və gigiyenasına qarşı bu şərtlərdən istifadə etmir. Kimsə xarici görünüşü və şəxsi gigiyenaya üstünlük verir, evdən zibil atmağa çıxanda belə bəzənir.
Azərbaycan cəmiyyəti ictimai fikirlə yaşadığı üçün hər bir işi "kiminsə görüb bəyənməyə biləcəyi” müstəvisində edir. "Evim təmiz olsun, qəfil gələn olar”, "bayıra çıxanda təmiz geyinmək lazımdır ki, qəfil yolda ölsən, utanmayasan” (sanki cəsədin utanmaq kimi bir hissi var), geyim, bəzək-düzək də xüsusi günlər üçündür və s.
Amma bu insanlar üçün təmizlik evindən (bədən evindən o cümlədən) kənara çıxmır. Beləsi evini tər-təmiz saxlayıb zibili pəncərədən küçəyə ata bilər. Diqqət edin ki, bu kəs pinti adamlara alay edir. Təmizlik xəstəsi olan cəmiyyətimizin həyət və küçələri zibilləməsi bunun göstəricisidir. Deməli, əslində insanlarımız təmizkar deyil, sadəcə, "el üzünə”, digər tərəfdənsə ruhunu təmizləmək üçün zorən "təmizkardır”. İctimai şüurda isə "mənim evim - mənim qalamdır” stereotipi formalaşdığı üçün evindən kənarda baş verənlərin ona dəxli yoxdur. Əslində vətəndaşlarımız ruhunda, beynində və həyatında olan xaosu içindən çölünə atır və bununla onun evində yaratdığı təmizlik əslində görüntüdür, saxtadır. Belə insanların əsl obrazı onların nitqinə və əməllərinə köçən fikirlərindədir.
Yəni əgər insanı tanımaq istəyirsənsə, onun əməllərinə, danışığına diqqət elə.
Fikirlərdəki səbatsızlıq – xaos əslində ruhun kiridir ki, insan ruhunun təlabatlarını gözardı edəndə həyatındakı problemlər başlayır. Başqa sözlə desək, əgər işlərimdə və ətrafımla münasibətdə gərginlik yaranıbsa, səhhətim tez-tez pozulursa, bu, ruhun "yuyunmağa” ehtiyacı olduğunun göstəricisidir. Evimizi və bədənimizi təmiz saxlamaq doğrudur, amma bu, hadisələri müsbətə dəyişməyə yaramayacaq. Evinizi təmizlədikcə, gündə 5 dəfə çimdikdə belə həyat yoldaşınız və övladlarınızla münasibətləriniz istiləşməyəcək, gəliriniz artmayacaq və s.
Məsələ burasındadır ki, pis fikirlər və əməllərin özünə məxsus qoxusu var. Daha dəqiq olsaq, onlar üfunətlidir. Fikir versəniz, görərsiniz ki, kiçik uşaqlar nə qədər tərləsələr də pis qoxumurlar. Çünki onlar hələ ki, təbiət kimi şüursuzdurlar və hətta qəzəbləri belə məsumdur. Tədqiqatlara əsasən, 5-6 yaşına qədər uşaqlar heyvanların və təbiətin dilini bilir, beşinci boyutu (boş fəza kimi dəyərləndirdiyimiz sahəni) görürlər.
Şəxsi müşahidələr və araşdırmalar göstərir ki, neqativ enerjilərin yaratdığı pis qoxunu heç bir vasitə ilə aradan qaldırmaq olmur. Təbii ki, burada insanın yediyi yeməyin, hormonların da təsiri var, amma bu, tamam başqa mövzudur.
Digər tərəfdənsə, ifrat təmizliyə meyllilik ideallaşdırmanın nəticəsidir. Yəni insan ideal yaşayışı və xarici görünüş obrazı yaradır (ya da bu obraz ona kənardan sırınır) və buna uyğunlaşmağa çalışır.
İdeallaşdırma təkəbbürün bir forması olduğu üçün mütləq kimsə bu təkəbbürü sındırmağa qalxacaq. Məsələn, həyat yoldaşınız, yaxud uşaqlar əşyalarını hara gəldi atacaq, çirkli ayaqqabılarla evdə gəzəcək və s.
Medicina.az
Gülnara İnanc, kvant psixoloqu