Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında müalicə alan pasiyent koronavirus şübhəsi ilə təcili təxliyə olunub.
Öncədən bu barədə məlumat olmadığı üçün klinika xəstəni müalicə üçün palataya alıb, ona həkim və tibb personalı xidmət edib.
Medicina.az xəbər verir ki, bu gün klinkada qadının təxliyəsini çəkən şahidlərdən biri bildirir ki, qadının koronaviruslu ola biləcəyi aşkarlanandan sonra onu müalicə edən həkimlər, tibb işçiləri, ailəsi, övladları da müayinə olunub.
Videoda qadını xüsusi qoruyucu geyimli şəxslərin xərəkdə daşıması və xəstənin ardıyca ailə üzvlərinin getməsi görünür. Xəstənin ardıyca çıxan tibb işçisinin maskasız olması isə xüsusi diqqət çəkir.
Klinikadan ətraflı açıqlama almağa çalışsaq da, heç bir telefon, hətta ümumi qaynar nömrələri də cavab vermədi
Qeyd edək ki, bu gün günorta bir neçə şəxs Tədris Cərrahiyyə klinikasının xəstə qəbulunu dayandırması barədə məlumat versə də məsələni dəqiqləşdirmək mümkün olmamışdı.
Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova xəbərin həqiqətə uyğun olmadığını bildirib.
"Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında koronaviruslu xəstənin olması və Klinikanın Kardiologiya və Urologiya şöbəsinin bağlanması ilə bağlı məlumat yayılıb. Klinika iş fəaliyyətini davam etdirir. Bildirmək istəyirik ki, Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasientlərdən biri xarici ölkədə olduğu üçün şübhəli bilinərək Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib. Hər ehtimala qarşı həmin xəstə ilə təmasda olan bütün tibbi personal müayinədən keçirilib. Həmin şöbələrin olduğu mərtəbə bağlanılıb və şöbə başqa mərtəbələrə köçürülüb. Həmin şöbədə dezinfeksiya işləri bir daha aparılıb. Hal hazırda klinika öz fəaliyyətini davam etdirir", - deyə o, qeyd edib.