Yaxın günlərdə regional məntəqələrin təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq.
Medicina.az qafqazinfo-a istinadən xəbərinə görə, bu barədə məlumatı Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi Mirələm Calalov telesəhiyyənin illik fəaliyyəti ilə bağl keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, kameraların yerləşdirilməsində əsas məqsəd kütləvi qəza hadisələrdə idarəetməni asanlaşdırmaqdır:
"Ölkədə 12 regional məntəqə var ki, hazırda bizim qarşımıza qoyduğumuz məqsədlərdən biri də həmin briqadaları optimallaşdırma baxımından tibbi yardım maşınlarında kameralar quraşdırmaqdır. Həmin kameralar birbaşa dispetçer məntəqələrinə bağlanacaq. Kamera vasitəsilə hadisəni izləyən həkimlər əlavə həkim briqadasının göndərilib göndərilməməsi barədə rahat qərar verə biləcək. Bu vasitə ilə qəza yerində olan həkimlərimiz də işlərini rahatlıqla görəcək".
Həmçinin bildirilib ki, telesəhiyyə xidməti 2017-ci ildən fəaliyyətə başlayıb və bir il ərzində 320 pasientə məsafədən məsləhət verilib.
Telesəhiyyə məsləhəti ilə ixtisaslı mütəxəssislər 105 dəfə regionlara göndərilib.
Son bir ay ərzində 99 çağırışdan 49-u telesəhiyyə vasitəsilə olub. Bu da bizim işimizin yüngülləşməsinə baxımından mühüm rol oynayır.