Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Təcavüz olunmuş qız uşağı ilə necə rəftar etməli... - Cinayətkarla bir yatağı bölüşməyə məhkum edilənlərin travmaları

  • 2018.06.25 14:05
  • 34883 Baxış
Təcavüz olunmuş qız uşağı ilə necə rəftar etməli... -  Cinayətkarla bir yatağı bölüşməyə məhkum edilənlərin travmaları
Ötən həftə ölkə gündəmi Lerikdə 7-ci sinif şagirdinin zorlanması, 4 aylıq hamilə olması barədə xəbərlərlə silkələndi. Sosial şəbəkələrdə #lerikdәtәcavüzәsusma haştaqı yaradıldı, mətbuatda bu barədə müxtəlif informasiyalar yayıldı. Bildirilirdi ki, ailə biabırçı olay səbəbindən rayonu tərk edib. Lakin zorlanan qızın atası hamını birdən susdurdu. O, vaxtı çatanda qızını sözügedən oğlana ərə verəcəyini bildirdi. 


Bu isə ilk belə fakt deyil. Ailələr çox zaman qızlarını onu zorlayan şəxsə ərə verməklə çıxış yolu tapırlar. Hadisəni ört-basdır etmək üçün hadisə ilə bağlı polisə şikayət etmirlər, ailələr öz aralarında razılaşırlar və qızı həmin oğlana ərə verirlər.


Bəs zorlanan qızın psixologiyası?

 

Gələcək həyatı?

 

Bir ömür onunla məcburi cinsi əlaqəyə girmiş biri ilə eyni yatağı, həyatı bölüşmək məcburiyyəti hansı travmaları yaradır?


Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən psixoloq İlkin Kazımlı bildirib ki, aparılan araşdırmalara görə, uşaqlara qarşı göstərilən təcavüzlərin ən çoxu onların yaxınları, eləcə də uşağın avtoritar saydığı şəxslər tərəfindən göstərilir:


"Təcavüz hallarının çoxu uşağı cinsi əlaqəyə girmək, hansısa erotik hərəkətlər etmək üçün və s. kimi hallarla özünü göstərir və bu kimi hallar uşağı aldatmaqla, pul, hədiyyə təklif etməklə əldə edilir. Edilən bu təcavüzlər uşaqda sonradan əhval-ruhiyyə pozuntularına səbəb olur və cəmiyyətə qarşı olan düşüncələrində neqativ hallar baş verir. Cinsi təcavüz edən şəxs çox güman ki, uşaqlıq yaş dövründə özü bu hallarla qarşılaşıb və ya ruhi problemi olan biridir”.


Mütəxəssis cinsi təcavüzə məruz qalan uşaqlarda özgüvən əksikliyi, dəyərsizlik düşüncəsi və cinsi vəziyyətə aid anormal düşüncələrin formalaşa biləcəyini bildirib:


"Təcavüzə uğrayan uşağın cəmiyyətlə əlaqəsi kəsilə və özünə qapanıb depressiv hal yaşaya bilər. Sonradan bunun qarşısı alınmazsa intihar halı da müşahidə oluna bilər”.


Bəs uşağın cinsi təcavüzə uğradığını necə başa düşə bilərik?


Həkim öncədən bunu anlamağın çətin olduğunu, bunun üçün həkimin fiziki yoxlanışdan sonra rəy verə biləcəyini deyib. Psixoloq həmçinin təcavüzə uğrayan uşaqlarda baş verən dəyişikliklərdən də bəhs edib:


-Cinsi təcavüzə məruz qalan uşaq hər şeyə qeyri-adi bir maraq göstərir


-Hansısa bir iş görərkən qorxaq davranır, özgüvəni aşağı olur


-Uşağa ona kiminsə toxunduğu sualı verilsə, qəribə reaksiyalar verməyə başlayır (utanmaq, qızarmaq və s .kimi)


-Fiziki müayinədən imtina edir və olmaması üçün cəhdlər göstərir


-Yuxu problemləri və tez-tez qarabasmalar olur


-Depressiyaya düşür və dostlarından uzaqlaşır


-Məktəbə getməkdən imtina edir


-İştahsız olur, hətta ən çox sevdiyi yeməkləri belə istəmir


-İntihara meyilli olur və tez-tez ölüm haqqında suallar verir.


-Özünə qapanır, daha çox öz otağında vaxt keçirir.


İlkin doktor təcavüzə məruz qalmış uşağın valideynlərinin öncə səbrli olmasını və uşağın dediklərinə tam diqqət etməli olduqlarını vurğulayıb.


"Ümumiyyətlə uşağın yanında təcavüz barədə suallar verilməməlidir və hətta o barədə belə danışılmamalıdır. Ən əsas məsələlərdən biri isə uşağınızı daim tərifləməli və ona güvən hissi bəxş etməlisiniz.Onu tək buraxmamalı, daim yanında olmalı, onunla vaxt keçirməli, söhbət etməli və maraqlı oyunlar oynamalısınız.


Valideynlər bu məsələdə tam ciddi davranmalı və uşağını uyğun mütəxəssisə aparmalıdır. Əks halda bu, uşağın gələcəyi üçün təhlükəlidir”, - deyə psixoloq vurğulayıb.

 

Şəhanə Quliyeva