TƏBİB hüquq-müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyevin mayın 25-də yol qəzasına düşdükdən sonra 4 xəstəxananın onu qəbul etməməsi ilə bağlı iddialara münasibət bildirib.
“Qafqazinfo”nun sorğusuna cavab olaraq xəstəxanadan bildirilib ki, Təbriz Gülalıyev mayın 25-də 3 saylı Şəhər Klinik xəstəxanasında ilkin tibbi yardım alıb:
“Sonra burnunda çoxqəlpəli sınıq olduğu üçün təcili tibbi yardımla M.Ə. Əfəndiyev adına Xətai Tibb Mərkəzinə aparılıb. Lakin Təbriz Gülalıyevin ailəsi onun burada müalicəsinin davam etdirilməsi ilə razılaşmayıb. Bu səbəbdən, o, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərilib. Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından isə onun vəziyyətinə uyğun olaraq Bakı Sağlamlıq Mərkəzinə aparılması təmin olunub.
Hazırda Təbriz Gülalıyevin müalicəsi davam edir. Qeyd edək ki, Təbriz Gülalıyev icbari tibbi sığorta çərçivəsində Bakı Sağlamlıq Mərkəzində burun və almacıq sümüyündən əməliyyat olunacaq”.
Qeyd edək ki, T. Gülalıyev qəzaya düşdüyü gün tibb ocaqlarının onu qəbul etməməsi və xəstəxanaya yalnız TƏBİB-in köməyi ilə düşə bildiyi haqda məlumat yayılmışdı.
Xatırladaq ki, Oqtay Gülalıyev də ötən ilin sentyabrında piyada xəttində avtomobil vurması nəticəsində komaya düşüb.