TƏBİB-in tabeliyindəki tibb müəssisələrində yenidoğulmuşlardan topuq testi, uşaqlardan isə tər testi nümunələri götürülür.
"Medicina" xəbər verir ki, topuq testi yenidoğulmuşların topuq nahiyəsindən qan nümunəsi götürülməklə həyata keçirilir.
Qan nümunəsi vaxtında doğulan və qidalanmağa başlayan uşaqlardan doğuşdan 2 gün sonra, vaxtından tez doğulan uşaqlardan isə 1 həftə sonra götürülür.
Doğum evlərində götürülən nümunələr laborator müayinə üçün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna göndərilir. Təlimlərdən keçən həkim-genetiklər İnstitutun laboratoriyasında “Guthrie kartları” adlandırılan xüsusi filtr kağızları üzərində 5 yerdə qeyd edilən qan nümunələrində fenilketonuriya (amin turşularının metabolizminin pozulması), qalaktozemiya (bədəndə artıq qalaktoza şəkərinin yığılması), kistik fibroz (metabolizm prosesinin pozulması), adrenogenetal sindromu (böyrəküstü vəzilərin irsi xəstəliyi) və hipotireoz (qalxanabənzər vəzinin funksiyasının zəifləməsi) xəstəliklərinin izlərini axtarırlar.
Yeni doğulanlarda xəstəliklərdən hər hansısa biri aşkarlanarsa, bu halda valideyn körpə ilə birlikdə tibb müəssisəsinə dəvət olunur və aşkar edilən xəstəliyə uyğun olaraq hansı ixtisaslı həkimə müraciət edilməsi barədə məlumat verilir.
Sadalanan 5 xəstəliyin müayinə və müalicəsi də TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində aparılır.
Eyni zamanda, kistoz fibroz (kistik fibrozis) xəstəliyinin erkən diaqnostikası məqsədilə körpələrdən, uşaqlardan tər testi nümunələri götürülür.
Kistik fibrozis diaqnozu təsdiqlənən uşaqlar Uşaq Klinik Xəstəxanasının Kistoz Fibroz Mərkəzində qeydiyyata alınır. Burada onlar qidalanma, fiziki inkişaf və tənəffüs göstəriciləri ilə bağlı həkim tərəfindən mütəmadi kontrol müayinələrə cəlb olunurlar
Qeyd edək ki, hazırda topuq testi nümunələri TƏBİB-in əksər tabeli müəssisələrində, tər testi nümunələri isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda və Uşaq Klinik Xəstəxanasında aparılır.