Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni rəhbər təyin olunub.
Medicina.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən İnstitutun direktoru vəzifəsi Pərvin Əkbərova həvalə olunub.
Bu gün Vüqar Qurbanov yeni direktoru kollektivə təqdim edib.
Bildirilib ki, uzun müddət özəl sektorda uğurla fəaliyyət göstərən uzmanlıq dərəcəsinə malik menecer həkimlərin TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibbi müəssisələrinə transformasiyasına başlanılıb.
V.Qurbanov Pərvin Əkbərovun uzun müddət özəl sektorda uğurla çalışdığını, bundan sonra da öz təcrübəsini Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fəaliyyətinin yenidən uğurla təşkil olunmasına yönəldəcəyinə əminliyini ifadə edib.
Daha sonra Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun fəaliyyəti, burada yaradılan şəraitlə tanışlıq olub. V.Qurbanov terapiya mərkəzlərindəki mövcud vəziyyətlə maraqlanıb, həkim heyətinin təkliflərini dinləyərək tövsiyyələrini verib.
Qeyd edək ki, Pərvin Əkbərov Tehran Sosial Rifah və Reabilitasiya Elmləri Universitetində Reabilitasiya və Fizioterapiya üzrə uzmanlıq təhsili alıb. O, İspaniya Milli Tibb Elmləri Universitetinin Osteopatik Klinik Reabilitasiya üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir.