Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

TƏBİB Akademiyasının ilk konfransı baş tutdu

  • 2024.04.08 14:30
  • 551 Baxış
TƏBİB Akademiyasının ilk konfransı   baş tutdu

Yeni Klinikada keçirilən TƏBİB Akademiyasının “Elmi tədqiqatların aparılma metodikası" adlı ilk konfransında TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Yeni Klinikanın direktoru Barat Yusubov, direktor müavinləri - Eldar Əhmədov, Gülnar Nuriyeva və digər əməkdaşlar iştirak edib.


"Medicina" xəbər verir ki, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov elmi tədqiqat işlərinin önəmini qeyd edərək elmi araşdırmalar, elmi təhlillər və daha dərin elmi analizlərin aparılmasına imkan verən tədqiqatlara hər zaman böyük ehtiyac duyulduğunu bildirib. Elmi tədqiqatların klinik baza rolunu oynadığını deyən Araz Nəsirov rezidentlərin hazırlanmasında və həkimlərin təkmilləşdirilməsində bu araşdırmaların rolunun əvəzsiz olduğunu qeyd edib.


TƏBİB Akademiyasının yaradılmasının məqsəd və vəzifələri haqqında ətraflı məlumat verən Yeni Klinikanın direktoru Barat Yusubov yanvardan Akademiyada təşkil olunan təlim və dərslərdə 629 klinika əməkdaşı və 404 həkim-rezidentin iştirak etdiyini bildirib. Akademiyanın fəaliyyətinin təlim və dərslərlə yekunlaşmadığını bildirən direktor təşkil olunan elmi konfrans, simpozium və seminarların gənc tədqiqatçılar üçün vacib oduğunu vurğulayıb.


TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli həkimlərin praktik fəaliyyəti ilə yanaşı, elmi tədqiqat işlərinin araşdırmasının səhiyyəyə böyük təkan verdiyini bildirib.


Daha sonra TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad Akademiyanın fəaliyyəti haqqında əraflı məlumat verərək gənclərin tədqiqat bacarıqlarının inkişafı istiqamətində nəzərdə tutulan tədbirlərin artırılacağını qeyd edib.
Konfransın ikinci hissəsində TƏBİB-in Tibbi Təhsil və İnnovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov “Elmi dərəcə və elmi adların alınması qaydaları” və TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini PhD. Pərvin Əkbərov “Plagiat nədir?”, mövzularında çıxış ediblər.

FEAPU, “Badam Medical Centre”in Uşaq urologiya mərkəzinin rəhbəri Uzm.Dr Pərviz Hacıyev “Elmi məqalə niyə yazılmalıdır?” və Mərkəzi Klinik Xəstəxananın Pediatrik reanimasiya və intensiv terapiya şöbəsi, Pediatrik ekstrakorporeal mərkəzinin rəhbəri Uzm.Dr. Anar Qurbanov isə “Elmi məqalənin yazılma qaydaları və qarşılaşılan problemlər” haqqında ətraflı məlumat veriblər.


Qarşılıqlı fikir mübadiləsi formatında təşkil olunan konfrans sual-cavab sessiyası ilə yekunlaşıb.