Taxıl və şəkərin insan həyatına daxil olması ilə diş çürüməsi hallarının artdığı müəyyən edilib.
Medicina.az xəbər verir ki, İrlandiyanın Limerik şəhərində arxeoloji qazıntılar zamanı tapılan, 4000 il əvvəl yaşamış bir şəxsə məxsus iki dişdə indiki zamanda belə çürüyə və diş əti xəstəliklərinə səbəb olan bakteriyalar aşkarlanıb.
CNN-in məlumatına görə, İrlandiyanın Limerik şəhərindəki əhəngdaşı mağarasından 1993-1996-cı illər arasında aparılan arxeoloji qazıntılar zamanı tapılan insan dişləri tədqiq edilib. Alimlər eramızdan əvvəl 2280-2140-cı illər arasında yaşamış, Tunc dövrünə aid bir insana məxsus olduğu anlaşılan iki diş üzərində araşdırma aparıblar.
Alimlər bildiriblər ki, kəşfdən əldə edilən məlumatlar insan qidalanmasındakı dəyişikliklərin diş və diş əti xəstəliklərinin yayılmasına təsirini anlamağa kömək edə bilər.
Dublin Trinity College Genetika Departamentinin nümayəndəsi, tədqiqatın aparıcı müəllifi Dr. Lara Kassidi izah edib ki, dişlərdən birində çürüklərə səbəb olan ağız bakteriyası "Streptococcus Mutans (S. Mutans) tapılıb.
O qeyd edib ki, diş çürüməsinə və DNT-nin deqradasiyasına səbəb olan bu bakteriya turşu əmələ gətirən təbiətinə görə yaxşı qorunmur və buna görə də genomik qeydlərdə nadir hallarda rast gəlinir.
Qeyd edilib ki, indiyə kimi digər qədim tapıntılarda da dişlərin çürüklərinə rast gəlinib. Lakin "S. mutans" tipli bakteriyalar yalnız Fransanın cənub-qərbində tapılan və e.ə. 3400-2900-cü illərə aid olan qədim Neolit dişində və Skandinaviya Mezolit dövrünə aid, e.ə. 9890-9540-cı illərə aid çeynənmiş qara saqqız kimi nadir nümunələrdə çox az miqdarda aşkarlanıb.
Kassidi tədqiqatçıların arxeoloji qazıntılarda tapılan qədim dişlərdə bakteriyalar tapılsa da, diş və diş əti xəstəliklərinin çox yayılmadığını düşündüklərini ifadə edib:
"Çünki o dövrlərdə istehlak edilən qidaların tərkibində daha az şəkər olub. Lakin maraqlıdır ki, təqribən 10 min il əvvəl kənd təsərrüfatının insan həyatına daxil olması ilə əhəmiyyətli bir qida dəyişikliyi görülür. Buğda və arpa kimi taxılların becərildiyi qədim dövrlərdə diş çürüməsi halları çoxalmağa başlayıb. Son bir neçə əsrdə şəkər istifadəsinin çoxalması ilə qidalanma vərdişləri də yenidən dəyişdi. Tunc dövrü dişindəki "S. mutans"ın bugünkü nümunələrlə müqayisəsi şəkər və taxılın yayılması ilə bakteriyaların zərər vermə qabiliyyətinin artdığını sübut edir. Bunun təkcə ağız boşluğuna deyil, həm də bağırsaq mikrobiomuna necə təsir etdiyini başa düşmək son bir neçə əsrdə Qərb cəmiyyətlərində bəzi xəstəliklərin niyə bu qədər yayıldığını anlamağa kömək edə bilər".
Dublin Trinity Kollecindən verilən açıqlamada, araşdırılan iki dişdə qədim genom qeydlərində daha çox rast gəlinən və diş əti xəstəliyinə səbəb olan "Tannerella Forsythia (T. Forsythia)" bakteriyasının DNT nümunələrinin də tapıldığı qeyd olunub. Tədqiqatçılar müayinə edilən dişlərdə iki fərqli bakteriya aşkar edərkən, bu gün sözügedən bakteriyaların yalnız bir növünün mövcud olduğunu diqqətə çatdırıblar.
Araşdırmanın nəticələri "Molecular Biology and Evolution" jurnalında dərc olunub.
Aysel