“Azərbaycan apardığı mübarizədə qalib gələcək”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Rəşad Mahmudov deyib.
O bildirib ki, tarixi ədalətin bərpa ediləcəyinə əmindir: “Buna heç kimin şübhəsi yoxdur. Hamıya məlumdur ki, müharibə aparmaq rahat iş deyil. Müharibənin ön və arxa cəbhə olmaqla iki hissəsi var. Müharibənin müddəti uzandıqca arxa planda ordunun və əsgərlərin təhlükəsizliyini təmin etmək üçün bir çox sahələrin işləri effektiv təşkil etməyə ehtiyac var. Bu gün arxa cəbhədə Azərbaycan əsgərinin sağlamlığının qorunması üçün səhiyyə işçiləri də var gücü ilə çalışır. Necə ki, koronavirus dövründə səhiyyə işçiləri öz işlərini ortaya qoydu, bu gün də öz işlərini layiqincə görürlər. Bu gün insanların böyük izdiham içində qan vermək və s. kimi məsələlərlə üz-üzəyik. Bu gün Azərbaycanın səhiyyə siyasətinin icraçıları da bu gün əlindən gələni etməyə çalışır. Bu gün sadəcə ordu sıralarında olan səhiyyəçilər deyil, ölkəmizin özəl müəssisələrində çalışan səhiyyə işçiləri də ön cəbhədə öz işlərini görməyə davam edirlər”.