Azərbaycan həmişə urologiya üzrə çox yaxşı mütəxəssisləri ilə tanınıb. Bir ölkə olaraq uroloji problemlər üzrə də irəlidəyik. Bunun da çox obyektiv səbəbləri var. Statistika göstərir ki, bu gün uroloji və cinsi zəiflik problemindən əziyyət çəkən kişilərin, xüsusən gənc kişilərin sayı artır. Əvvəllər kişilər bu problemləri gizlədir, utanır, həkim qapısını döymürdü. Amma indi uroloqlar məsləhətləri və mediada çıxışları ilə pasiyentə daha yaxın olduğundan artıq kişilər uroloq qəbuluna getməkdən çəkinmir.
Medicina.az tanınmış uroloq-cərrah Seymur Mehtiyevin kişiləri narahat edən, düşündürən problemlər barədə maraqlı açıqlamalarla dolu müsahibəsini təqdim edir:
-Seymur həkim, uroloji problemlərin həllində dünyada son durum nə yerdədir və bu sahədə yaxşı mütəxəssis olmaq üçün həkimdən nə tələb olunur?
-Yaxşı mütəxəssis özünü təkmilləşdirən insandır. Əgər bir həkim xəstənin problemini düzgün müalicə edirsə, o artıq mütəxəssisdir. Bu gün dünyada son standartlara uyğun protokollar var ki, onlardan kənara çıxmaq olmaz. 10-15 il əvvəl işlənən metodlar, preparatlar artıq effektiv deyil. Urologiya hər il inkişaf edir. Bu gün bir həkimin özünü təkmilləşdirməsi çox asandır, internet, informasiya mübadiləsi əsrində yaşayırıq. Dünyada keçirilən istənilən tibbi konfranslara getmək, yeni texnologiyaları öyrənmək mümkündür.
İndi əməliyyatlar da çox asanlaşıb, rahatlaşıb. Yeni texnikalar, cihazlar, lazer imkanları genişdir... 5 il öncəki böyrək daşını qırmaq üsulu ilə indiki arasında çox fərq var. Məsələn, bu gün böyrək daşı əməliyyatı etdim, yaşlı qadın idi. Böyrəyində böyük ölçüdə daş var idi, lazerlə çıxardıq. Xəstə 2 saat sonra evə gedəcək.
Bilirsiniz, səhv hər bir ixtisasda, sənətdə ola bilər. Amma həkimin səhvi bağışlanmır. Səhv etməmək üçünsə yenilikləri bilmək lazımdır. Həkimin bir vəzifəsi də insanları maarifləndirmək, problemləri vaxtında aşkar etməyə çağırmaq və yenilikləri pasiyentlərə çatdırmaqdır. Bu gün pasiyentlə həkim arasında informasiya çatışmazlığı yoxdur.
Gənclər bunu bilməlidir ki, mütləq toy günü intim münasibət olmalıdır deyə qanun yoxdur
və bunu sizdən heç kim tələb edə bilməz.
-Son zamanlar sosial şəbəkələrdə belə mövzuya çox rast gəlinir: Yeni evlənənlər toydan aylar keçməsinə baxmayaraq, hələ də ər-arvad münasibətində olmayıb. Belə pasiyentləriniz olubmu?
-Bəli, demək olar, ay ərzində 2-3 belə gənc ailə gəlir. Buna "Toy gecəsi uğursuzluğu”sindromu deyirlər. Çox zaman səbəbi psixoloji olur. Daha çox bölgələrdə tez evləndirilən gənclərdə bilgisizlik, mental dəyərlər, komplekslər, həyəcan bu sindromu yaradır. Hələ də yengə adətinin qalması dəhşətdir. Necə ola bilər ki, bir kişinin üzərinə bir qadın nəzarətçi qoyulsun. Təbii ki, bu, gəncdə böyük psixoloji gərginlik yaradır. Ailənin basqısı, sorğu-sualı, kənar müdaxilələr. Gənclər bunu bilməlidir ki, mütləq toy günü intim münasibət olmalıdır deyə qanun yoxdur və bunu sizdən heç kim tələb edə bilməz. Bu gün alınmayan iş sabah da alınmır və gənc depressiyaya düşür, beləliklə günlər, aylar keçir, problem dərinləşir. Ailə təşvişə düşür, insanlar çox vaxt bunu sirr kimi saxlayır. Belə pasiyentlərə ilk məsləhətimiz odur ki, o mühitdən, evdən uzaqlaşsınlar. Həyat yoldaşını götürüb istirahətə, uzağa getsin, dincəlsin və cinsi əlaqə problemini unutsun. Buna əməl etdikdə bir müddət sonra məsələ həll olunur, təbii ki, əlavə müalicələrimiz də olur. Yox əgər, problem psixoloji deyilsə, o zaman digər səbəblər araşdırılır. Bizim bu problemdən müalicə etdiyimiz xəstələrimiz çox olub.
-Gənc kişiləri daha hansı xəstəliklər, problemlər narahat edir?
-Ümumiyyətlə, gənc kişilər arasında cinsi zəiflik, erkən boşalma, iqtidarsızlıq kimi androloji problemlərə çox rast gəlinir. Ona görə mən həmişə məsləhət görürəm ki, gənclər ailə qurmazdan öncə uroloji-androloji müayinədən keçsinlər. Evləndikdən sonra 1-2 il keçir, hamiləlik baş vermir və ya cinsi problemlər yaşanılır. Onda həkim axtarışına çıxırlar. Bəzən heç kişi yoxlanmır, özünə arxayındır, qadını həkimlərə aparırlar, yersiz müalicələr edilir. Demək olar ki, hər gün belə xəstəmiz olur. Azosperm – sperma sayı 0 olan kişilər evlənməzdən öncə problemini bilsələr, həyat yoldaşını da məlumatlandırar. Sonradan qarşı tərəfə də haqsızlıq etmiş olmazlar. Bu səbəbdən boşanmalar da artır. Bir kişi öz problemini bilib, özü həll etməlidir. Öz dərdinə başqasını şərik etmək olmaz.
-Bu gün saytlarda, internetdə, televiziyada kişilər üçün möcüzə kremlər, spreylər, məlhəmlər reklam olunur: böyüdücü, gücləndirici, gecikdirici. Çox kişilər də həvəslənib alır. Sizcə, bu kimi məhsulların effekti varmı?
-Bunlar cəlbedici reklamdan başqa bir şey deyil. Bu məhsulların tərkibi, təsiri, istehsal ölkəsi, effekti barədə məlumatlar belə yoxdur.
Çox kişilər düşünür ki, bu preparatlardan istifadə edən kimi şirə-pələngə çevriləcəklər. Tutaq ki, həmin kişinin zəifliyi var, onun səbəbi hormonal, psixoloji, genetik ola bilər. Bunları araşdırmaq lazımdır. Bir krem bunları necə aradan qaldıra bilər? Həkim təyinatı olmadan belə məhsulları istifadə etmək yolverilməzdir. Təəssüf ki, bu cür şirnikləşdirici reklamlara aldanan kişilər çoxdur və mənim qəbulumda olanda da etiraf edirlər ki, belə məhsullardan alıblar, amma effekti olmayıb. Elə bir möcüzə krem yoxdur.
Ata-ana bir də onda ayılır ki, oğlu evlənib, amma uşaq olmur.
Halbuki vaxtında bu məsələni həll etmək olardı.
-Deyirlər, varikosel əməliyyatı sizin üçün su içmək kimi bir işdir. O qədər rahat, asan və uğurlu əməliyyat edirsiz. Halbuki 4-5 il əvvəl kişilərimiz bu əməliyyat üçün İrana, Türkiyəyə gedirdilər.
-Düzdür, əvvəllər yanıma gələn pasiyentlərin İranda verdikləri analiz -müayinələrin cavabları olurdu. Amma bu son ildə demək olar ki, İrana getmiş xəstə görmədim. Elə birbaşa bizə gəlirlər. Ümumiyyətlə, indi uroloji problemlər və əməliyyatlar üçün ölkə xaricinə getməyə dəyməz. Çünki özümüzdə hər cür imkan var.
O ki qaldı varikosel əməliyyatına, bəli, demək olar, ən çox bu əməliyyatları edirik. Varikosel kişi sonsuzluğunun əsas səbəbidir. Varikoseldə əsasən sol xayada damar genişlənmələri olur, zaman keçdikcə ağrı verir. Damar genişləndiyi üçün xaya yaxşı qidalanmır, orqanın fəaliyyəti və spermanın keyfiyyəti düşür. Bir kişidə varikosel varsa, onun spermasında mütləq faiz azalması olacaq. Amma hər sonsuzluq problemi olan kişidə də varikosel var deyə bir şey yoxdur. Və hər xəstə də varikoseldən əməliyyat edilməz. Varikosel mayalanma qabiliyyətini aşağı salır. Çünki xayada hərarət artır və bu spermlərin qurluşunu dəyişir. Bundan əlavə qanda sərbəst radikallar çoxalır. Varikoselin müalicəsi cərrahi yolladır. Amma kimlərə ki əməliyyat göstəriş deyil, onlarda dərman müalicəsi aparılır.
Kimlər əməliyyat oluna bilər: ailə qurub, qadında heç bir problem olmayan və 1 il müddətində hamiləlik baş vermədikdə, ümumiyyətlə, hamiləliyin baş verməməsində tək səbəb kişidə varikoseldirsə, o zaman əməliyyat olunur. Yüzlərlə əməliyyat etdiyimiz xəstə var, əksəriyyətində müsbət nəticə almışıq, o cütlükdə əməliyyatdan sonra hamiləlik baş verib.
Əgər, xəstə evli deyil, subaydır, amma varikoselin təsirindən xayada kiçilmə başlayıb, sperma faizi aşağı düşür. O zaman gözləmək lazım deyil ki, ailə qursun, sonra əməliyyat olunsun. Çünki o müddətə kimi xayanın fəaliyyəti tamamilə pozula bilər, vəziyyət daha da mürəkkəbləşər.
Kimlərdə olunmur: varikoseli var, amma faizi normaldır və ya ailəlidir, hamiləlik olub, uşaqlar var. O zaman bu kişilərə dərman müalicəsi yazılır, tövsiyələr olunur ki, nədən uzaq olsunlar. Hazırda müasir protokollara görə varikoesl üçün ən effektiv üsul mikrocərrahiyyədir. Amma etiraf edək ki, getdikcə varikosel xəstəliyi yayılır və belə pasiyentlər çox olur. Əsasən idmançılarda, ağır işdə çalışanlarda ağırlıq qaldırmaqdan, günün çoxunu maşında keçirənlərdə, oturaq işdə çalışanlarda qan dövranı pozulduğundan varikosel yaranır. Ona görə bu kimi işlərdə çalışanlar ildə bir dəfə yoxlanmalıdır ki, varikosel vaxtında aşkar olunsun. Kişilərdə 13-14 yaşından cinsi inkişaf başladığından, varikosel de elə bu yaşlardan başlaya bilər.
-O zaman oğlan uşaqlarının cinsi sağlamlığında valideynlər birbaşa məsuldur. Bizim valideynlər isə oğlan uşaqlarına qarşı bu mövzuda elə də yaxın olmur.
-Bəli, oğlan uşaqlarının cinsi, uroloji problemlərinin aradan qaldırılmamasında birbaşa valideynlər məsuldur. Uşaq yaşlarında valideynlə övlad arasında elə də pərdə olmur, amma yeniyetmə dövründən sonra oğlan uşağı ilə arada sərhəd yaradılır və ata-ana oğullarının cinsi problemlərinə qarışmır, çəkinir. Xüsusən atalar oğullarına qarşı bu məsələdə diqqətli olmalıdır. Ata-ana bir də onda ayılır ki, oğlu evlənib, amma uşaq olmur. Halbuki vaxtında bu məsələni həll etmək olardı.
-Bir uroloq olaraq özünüz öz uroloji sağlamlığınız üçün nələr edirsiz, nədən qorunursuz? Kişilərə tövsiyələriniz nə olar?
-Etiraf edim ki, xəstələrə tövsiyə etdiyimiz qədər özümüz bu məsləhətlərə əməl etmirik. Əsasən bizim gərgin işimiz sağlamlığımıza təsir edir. Amma ilk növbədə spirtli içki içmirik, energetik içki, qazlı, şirəli sular, mənşəyi məlum olmayan şirələrdən uzağam. Normal təbii su, çay içirik. Çay da Lənkəran, Astaranın təbii çayıdır. Broyler toyuqlarından imtina etmişəm, ailəlikcə yemirik. Kərə yağı bizdə qadağandır. Yeməklər zeytun yağı ilə bişir. Siqaret çəkmirəm. Son aylar isə çörəkdən imtina etmişəm. Səhər bir az qara çörək yeyirik. Kişilərdə cinsi zəiflik yaradan səbəblərdən ən başlıcası qidadır. Düzgün qidalanmayan kişinin uroloji, cinsi problemləri çox olacaq. Bir də stress, əsəb, gərginlik kişinin düşmənidir. Təəssüf ki, bir həkim olaraq qəbula gələn xəstələrin çoxunda aqressiya görürəm. Xəstələrdə rahatlıq, səbr, simalarında gülüş yoxdur. Kişilərimizin beyni rahat deyil. İnsan nə zaman intim münasibət istəyir, beyni rahat olanda, sakit olanda. Gərgin olan insanda hormonlar, sperma səviyyəsi düşəcək. Aqressiv insanın intim münasibəti də keyfiyyətsiz olacaq və ona heç bir rahatlıq verməyəcək. Ona görə də kişidə cinsi problem varsa, günahı başqasında yox, özündə axtarmalıdır. Öz həyatına, seçiminə, qidalanmasına, xasiyyətinə, emosiyalarına baxıb, səhvlərini görməli və düzəltməlidir.
Aygün MUSAYEVA
Medicina az