Azərbaycanın tanınmış ürək-damar cərrahı, professor, Azərbaycanın Əməkdar həkimi, Mərkəzi Klinik xəstəxanasının baş həkimi, Azərbaycan Ürək –Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayevin bu gün 46 yaşı tamam olur.
Medicina.az xəbər verir ki, o, 30 oktyabr 1973-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalında doğulub
.
Azərbaycan Tibb Universitetinni bitirdikdən sonra 1992-ci ildə təhsilini davam etdirmək üçün rektorluq tərəfindən müsabiqə yoluyla istedadlı tələbələr sırasında Türkiyənin İstanbul Universitetinin İstanbul Tibb Fakultəsinə göndərilir. 1996-cı ildə bu təhsil ocağında 6 illik tibb təhsilini uğurla başa vurub və elə həmin il (uzmanlıq) rezidentura təhsili üçün imtahan verir. İmtahandan müvəffəqiyyətlə keçən Dr. Kamran Musayev, İstanbul Universitetinin Cərrahpaşa Tibb fakultəsində illərdir xəyalını qurduğu ürək-damar cərrahiyəsi ixtisası üzrə rezidentura təhsilinə başlayır.
1996-2002-ci illər arasında adı çəkilən təhsil müəssisəsində rezidentura təhsilini davam etdirməklə yanaşı, Türkiyənin Kadir Has Universitetinin Florence Nightingale xәstәxanasında ürәk–damar cәrrahı olaraq işləyir.
Nəhayət 2002-ci ildə tibb təhsilini yekunlaşdıraraq tam təkmilləşmiş şəkildə ürək-damar cərrahiyəsi mütəxəssisi olaraq vətənə qayıdır. Həmin ildən Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahı və klinikanın stasionar şöbə müdiri vəzifəsində işə başlayır.
Kamran Musayev 2005-ci ildə Beynəlxalq Bioqrafiya Mərkəzi (İngiltərə, Kembric) tərəfindən "XXI əsrin görkəmli ziyalıları" (2000 - Outstanding Intellectuals of the 21st Century) siyahısına daxil edilib.
2009-cu ildən etibarən hər ilin sentyabr ayında Dünya Ürək Federasiyasının başlatdığı "Dünya Ürək Günü" məhz Dr. Kamran Musayevin təşəbbüsü ilə Azərbaycanda də qeyd edilir.
Əhalinin ürək-damar xəstəlikləri haqqında məlumatlandırılması və maariflənməsi üçün mütəmadi olaraq kütləvi informasiya vasitələrində çıxış edir. Məhz Dr.Kamran Musayevin ölkəyə gəlişi ilə ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlərin xarici ölkələrə axını kəskin şəkildə dayanmışdır. O, Azərbaycanda fəaliyyət göstərdiyi 2002-ci ildən bu yana 13 minə yaxın ürək-damar cərrahi əməliyyatı həyata keçirib. Bunların 60-65%-i aorta-koronar şuntlama əməliyyatı olub.
2013-cü ilin yanvar ayında Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Klinik Xəstəxanada süni ürək köçürülməsi əməliyyatı da məhz Kamran Musayev tərəfindən həyata keçirilib. 2017-ci ilin sentyabr ayında Azərbaycanda ilk dəfə olaraq Kamran Musayev və onun komandası tərəfindən qan dövranı dayandırılmaqla Ağciyər damarlarının endarterektomiyası adlanan əməliyyat icra olunub. 2018-ci ilin noyabr ayında ölkəmizdə ilk dəfə olaraq "Ozaki əməliyyatı” adlanan cərrahi müdaxilə Mərkəzi Klinik Xəstəxanada Prof. Dr. Kamran Musayevin komandası tərəfindən xəstənin özünün ürək pərdəsindən yeni ürək qapağı düzəldilərək pozulmuş ürək qapağının əvəzolunması əməliyyatı həyata keçirilib.
Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə ölkə başçısı cənab İlham Əliyevin 16 iyun 2011-ci il tarixli sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.
Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktorudur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının üzvüdür.
Medicina.az Azərbaycan səhiyyəsinin canlı əfsanələrindən olan Kamran Musayevi təbrik edir, ona çətin peşəsində yeni uğurlar arzulayırıq.