Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tanınmış psixoterapevt: "Xəstəyə dərman əvəzinə fıstıq verə bilmərəm"

  • 2018.04.07 10:42
  • 31108 Baxış
Tanınmış psixoterapevt:  "Xəstəyə dərman əvəzinə fıstıq verə bilmərəm"

Medicina.az ailem.az-ın tanınmış psixoterapevt Orxan Fərəcli ilə müsahibəsini təqdim edir:

 

- Psixiatriya xəstəxanası barədə təsəvvürümüz adətən kinolarda təsvir olunandan o yana keçmir. Maraqlıdır, adi insanlar üçün daim bağlı olan o qapıların arxasındakı sirli dünyanın real təsviri necədir?


- Əslində, mənim üçün də eyni təsəvvür idi ki, ora necədir? Düşünürdüm, çox qarmaqarışıq, xaotik bir yerdir. Amma elə deyilmiş və düşünülənin əksinə, düzənli məkandır. Xəstələrin palataları, onlara nəzarət edən işçilər, müəyyən yemək, gəzinti saatları var. Özünün rejimi olan bir yerdir və düşündüyümüz kimi xaotik deyil.


- Biz isə elə bilirdik ki, otaqlarda, koridorlarda əlləri bağlı, tərs xalat geyindirilmiş insanlar qışqırır, qaçışır...


- Bəli, əvvəllər bu tip rahatlaşdırıcı şeylər var idi, amma indi demək olar ki, istifadə olunmur. Çünki psixiatriya haqqında qanunda fiziki məhdudlaşdırma ilə bağlı xüsusi maddə var. Yəni xəstə özünə və ətrafına zərər verə bilərsə, xüsusi qaydada həkimin göstərişi ilə bağlana bilər. Amma bunun müəyyən müddəti var və protokollaşdırılır. Bu isə adətən 30-40 dəqiqəni keçmir.


- El arasında belə bir düşüncə var ki, çox oxumaqdan adamın başına hava gəlir. Sizcə, bunu hansı əsasla deyirlər? Ümumiyyətlə, belə bir statistika mövcuddurmu?


- Şizofreniya haqqında bir deyim var. Deyirlər, şizofreniya "ədalətli” xəstəlikdir. Yəni qadın, kişi, təhsil, ərazi, kasıb, varlı deyə bölgü etmir. O cümlədən, çox oxumaqdan adamın başına hava gəlməz. Sadəcə, o insanlar şəxsiyyət tipi, yaradılış olaraq bir az fərqli olurlar. Məsələn, əminəm, bunu oxuyan hər adamın gözünün qabağına kəndindəki, qəsəbəsindəki, uşaqlığındakı bir obraz gələcək ki, hə, o da çox oxuyurdu. Amma bunun əksini sübut edən çoxlu faktlar var. Çox oxumayan o qədər ruhi xəstə var ki. Sadəcə bizim beynimizə ilişən o olur ki, filankəs çox oxuyurdu, ona görə belə olub.


- Bəs savadlı xəstə ilə savadsız xəstəni ayıran fərqlər varmı?


- Bəli, qəribə bir fərq var. Savadlı adam öz intellektinə uyğun, məsələn, Kvant fizikasından, peyklərdən, qalaktikadan sayıqlayacaq. Amma bir az daha savadsız insan dua, cadu, qurd yağı kimi mövzularla bağlı sayıqlayacaq. Məsələn, savadlı adam gəlib deyə bilər, dünyada sülh olacaq, benzin məsələsi yığışılacaq, su ilə işləyən maşın kəşf etmişəm. Bunu iddia edir, amma ortada fikirlərini realizə edəcək bir şey yoxdur. Normal fiziklə oturub danışsa, o boşluqları görəcək. İlk baxışdan isə demək olar ki, adam savadlıdır, nəsə kəşf edib və heç kim ona qiymət vermir. Amma bu, xəstə təsəvvürün məhsulu ola bilir. Savad məsələsi burada bir az özünü göstərə bilir. Amma oxumaqdan insanın başına hava gəlməz. Çox maraqlı bir müşahidəmi deyim, bizim insanlar həm fikirləşir ki, çox oxuyanda adamın başına hava gəlir, həm də uşaq oxumur deyə onu döyürlər. Burada necəsə bir sərhəd müəyyənləşdiriblər...


Bir türk professorumuz var idi. Mühazirəsində deyirdi, rayon və şəhər xəstəsinin də fərqi var. Məsələn, kənd, rayon yerində bu cür xəstələri insanlar sahiblənirlər. Həmişə yanlarında oturdurlar, siqaretini alır, toyda oynadır, yedizdirib-içirdirlər. Xəstə qeyri-rəsmi də olsa, bir qayğı görür. Tutaq ki, xəstə heç vaxt azmaz orada. Hamı bilir ki, bu, filankəsin uşağıdır, xəstədir, kömək edəcəklər. Amma şəhər yerində bu yoxdur. Şəhər xəstəsi bir sosial axının içərisində axıb gedir. Yəni xəstəxanaya yatırmasalar, tamam baxımsız qalar...


- Zaman-zaman müəyyən insanlar çıxıb bəyan edirlər ki, mən İsa Məsihəm, yaxud sonuncu peyğəmbərəm. Həmin insanlar da şezofrendirlər?


- Bəli, çox böyük ehtimalla elədirlər. Tək bir şeyə görə bunu demək çətindir, amma 100-də 95-98 faiz şizofreniyadır. Yəni dini məzmunlu sayıqlamalar, özünü böyütmə sayıqlamaları olur.


- Dahi şəxslərdən Van Qoq, Dostayevski və bir çoxları intihar ediblər. Sizcə, onlar niyə öz talelərini zamanın ixtiyarına buraxmayıb, öz sonlarına özləri qərar verməyi seçiblər?


- İntiharın dahiliklə bir əlaqəsi varmı bunu deyə bilmərəm. Amma bildiyimiz bir şey var, intihar depressiyanın məntiqi sonluğudur. Çox zaman, 100-də 98-99 faiz hallarda depressiya intiharla sonuclanır. Ola bilsin, məşhurlarda da bu olub, amma onlar uzun zaman öncə yaşadıqları üçün bunu dəqiq demək mümkün deyil. Buna baxmayaraq, elə şeylər var ki, baxanda bilmək olur. Bu yaxınlarda Elza İbrahimovanın 80 illik yubileyində idik. Şəkillərinə baxırıq, xanımın üzü bir dənə də şəkildə gülmür. Bəlkə 30-a yaxın şəkil göstərdilər, heç birində bir təbəssüm yoxdur. Kədər üzünə çöküb. Məsələn, ona baxanda düşünürsən ki, böyük ehtimalla depressiyadadır. Həmçinin həyatına nəzər salanda da görürsən ki, depressiyaya düşmə potensiallı bir adamdır. Amma Van Qoq üçün bunu dəqiq deyə bilmirik. Hətta psixiatriyada Van Qoq sindromu var. Bu, tam xəstəlik deyil, populyar ədəbiyyatlarda belə gedir. Deyirlər, o, öz qulağını kəsib, sevgilisinə hədiyyə edib. Tam bilmirik ki, bunu niyə edib? Yaxud Eynşteynin məşhur bir şəkli var - dilini çıxarır. Bilmək olmur, o, bu hərəkəti nə üçün edib. Onu da deyim ki, dahilik - sözün yaxşı mənasında anormallıqdır. Bizim kimi düşünmürsə, demək, fərqlidir, normal deyil və yaxşı mənada anormaldır.


- Bəs depressiyanı yaradan səbəblər hansılardır?


- Buna üç səbəb göstərilir. Birincisi, beyində xoşbəxtlik hormonu olan serotonin azalır. Məsələn, siz növbəti sualı versəniz ki, niyə o hormon azalır, artıq bunu bilmirik. İkincisi, psixoloji səbəblərdir, ağlınıza gələn istənilən travmadan yarana bilər. Üçüncüsü , sosial səbəblərdir. İşsizlik, maddi vəziyyətin aşağı olması, boşanmalar, valideynin itirilməsi və sair. Amma bunu dəqiq bilmək olmur ki, serotonin azalmasındanmı bu problemlər yarandı, ya əksinə, digəri buna təkan verdi. Amma fakt budur ki, əksər hallarda bunun üçünü də bir adamda görürük.


- Bəzi mütəxəssislər bildirir ki, məsələn, müəyyən qidalar qəbul etməklə xoşbəxtlik hormonunu qaldırmaq mümkündür...


- Bəli, qidalarla bağlı çox məlumat var internetdə. Bunun üçün banan, şokolad, çiyələk, fıstıq və sair qidaları yeməyi məsləhət görürlər. Amma bunların heç birinin ciddi elmi əsası yoxdur. Çünki müasir təbabətdə müalicələr sübuta əsaslanmış təbabət prinsipinə əsaslanır. Yəni bu nə prinsipdir? Məsələn, iddia edirlər ki, fıstıq serotonini qaldırır, yəni məntiqlə depressiyanı müalicə etməlidir. Amma gəlin görək bir depressiv xəstəyə kiloqramlarla fıstıq versək, o sağalarmı? Yox. Həmişə bunu misal çəkirəm - dədə babadan eşitmişik ki, zoğallı çay qızdırmanı salır. 10 qızdırmalı adamı düz, zoğallı çay ver. Neçəsinin qızdırmasını salar? Bir-ikisinin. Amma həmin qızdırmalı adamlara parasetamol versək, hamısının qızdırması düşəcək. Bu da belə bir şeydir. Buna görə də biz həkim olaraq sübut olunmuş müalicənin tərəfdarıyıq. Məsələn, kitabda yazır ki, depressiyanın müalicəsi üçün filan dərman yaxşıdır. Bu zaman mən risk edib, xəstəyə dərman əvəzinə fıstıq verə bilmərəm. Mənim buna ixtiyarım yoxdur.