Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tanınmış kardioloqun 55 yaşı tamam oldu

  • 2024.02.01 15:01
  • 4101 Baxış
Tanınmış kardioloqun 55 yaşı tamam oldu

Bu gün peşəkar Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidovun 55 yaşı tamam olur.



"Medicina.az" xəbər verir ki, o, 1969-cu ildə Mingəçevir şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirib. Daha sonra Moskva şəhərində A.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi üzrə Elmi Mərkəzdə klinik ordinatura təhsili alıb. 2009-2010-cu illərdə ABŞ-ın Merilend ştatının Baltimor şəhərində daxili xəstəliklər üzrə internatura, 2011-2012-ci illərdə isə Vaşinqton ştatının Sietl şəhərində ümumi cərrahiyyə, travmada təcili və təxirəsalınmaz yardım, yanıqlar və kardio-vaskulyar cərrahiyyə üzrə 1 il internatura və beynəlxalq mütəxəssislər üçün xüsusi sertifikatlaşdırılmış ixtisasartırma kursu keçib.



Nabil Seyidov ABŞ-dan qayıtdıqdan sonra Azərbaycanda müxtəlif özəl tibb müəssisələrində həkim-kardioloq və terapevt kimi fəaliyyət göstərib. 2014-cü ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2018-2019-cu illərdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri işləyib. O, 2023-cü ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının rəis müavinidir.



Peşəkar həkim olmaqla yanaşı, Nabil Seyidov tibb və qeyri-tibb işçilərinin təlim-tədrisi, səhiyyə sektorunda müasir texnologiyaların tətbiqi, teletəbabət, səhiyyənin elektronlaşdırılması, tibb xidmətlərinin keyfiyyət standartları, səhiyyə menecmenti və qeyri-infeksion xəstəliklərin profilaktikası kimi geniş spektrli məsələlərə böyük maraq göstərir.



2002-ci ildən uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan həkim BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə çap olunan uşaq hüquqlarına dair dərs vəsaitinin müəllifidir. O, bu kitabı BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında hazırlayıb.



Onun müalicə etdiyi xəstəliklərə ürəyin işemik xəstəliyi, infarkt, aritmiyalar, ürək-damar əməliyyatlarından sonrakı baxım, ətraf damarların qeyri-cərrahi müalicəsi, revmatoloji xəstəliklər və ürək-damar sistemi tərəfindən ağırlaşmaların profilaktikası və müalicəsi, böyrək xəstəliklərinin ürək-damar sistemi ilə bağlı ağırlaşmalarının profilaktikası və müalicəsi, kardiorenal sindromlar, hepato-pulmonar və hepato-kardioloji sindromlar və s. daxildir.