Tanınmış infeksionist həkim, Azərbaycan Tibb Universitetinin keçmiş müəllimi Mehdi Mehdiyev vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə həkimin oğlu Aqşin Mehdiyev sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, atası Şahdağa qalxarkən, ürəyində problem yaranıb və onu xilas etmək mümkün olmayıb:
"Doktor Mehdi Mehdiyev Şahdağ dağında Heydər Əliyev zirvəsini hər il olduğu kimi bu dəfə də ziyarət edərkən zirvəyə qalxan yolda ürəyində yaranan infarktdan qəflətən keçinib. Mehdi doktor ata yurdu Bərdə rayonunda son mənzilə yola salınacaq. Yas mərasimi Bərdə şəhərində olacaq”.
Qeyd edək ki, Mehdi Mehdiyev sağlam həyat tərzi sürməsi, müntəzəm surətdə idmanla, xüsusi olaraq, dağ idmanı ilə məşğul olması ilə tanınırdı.
Xatırladaq ki, M. Mehdiyev 1956-cı ildə anadan olub. Bir çox məşhur klinikalarda çalışıb. Ən son çalışdığı yer isə Gömrük Hospitalı olub.