Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov müəllifi olduğu “Təcili tibb” kitabı çap olunub.
"Medicina" xəbər verir ki, müəllif kitabın məqsədinin təcili tibbi yardım sahəsində çalışan mütəxəssislərin biliklərini artırmaq və onları müasir tibbi standartlar əsasında yönləndirməkdir. Xüsusilə kritik və fövqəladə hallar zamanı həkim və tibb işçilərinin operativ qərarlar verməsi və doğru diaqnoz qoyması həyati əhəmiyyət daşıyır. Belə kitablar tibbi təcrübədə olan boşluqları doldurmaq, yeni texnologiyalar və müalicə üsulları ilə bağlı məlumatları yaymaq, həmçinin standartlaşdırılmış protokolları təqdim etmək üçün vacibdir.
Kitabda xəstəxanayaqədər (təcili yardım stansiyaları), xəstəxana şəraitində (təcili yardım şöbələri) fəaliyyət göstərən tibb müəssisələrində uşaqlara, böyüklərə təcili təxirəsalınmaz tibbi yardımın göstərilməsinin müasir yanaşma və diaqnostikası geniş şəkildə göstərilib. Kritik vəziyyətlərin kəskin dövründə neonatalogiyanın, pediatriyanın aktual məsələləri şərh edilib, uşaqların (xüsusilə yenidoğulmuşların) bu vəziyyətlərdə idarə edilməsi qaydalarının ardıcıllığı qeyd edilib. Təqdim edilən materiallarda diaqnostikaya zaman ayrılması mümkün olmayan şəraitdə anamnezə və ilkin qiymətləndirmənin nəticəsinə görə təcili təxirəsalınmaz tibbi yardımın göstərilməsi haqqında alqoritmlər yer alıb.
Kitabda hər bir kritik vəziyyət üçün differensial diaqnostika, minimal laborator və instrumental müayinə ardıcıllığı, funksional diaqnostikaya aid şəkillər və cədvəllər geniş izahla şərh edilib.
Həmçinin kitabda həyat üçün təhlükəli halların (böyüklərdə və uşaqlarda) simptom və əlamətləri, ÜAR və tənəffüs yollarının yad cismlə obstruksiyası, tənəffüs yolları ilə əlaqədar respirator pozğunluqlar, qan dövranının qiymətləndirilməsi və ilkin tibbi yardım, döş qəfəsində ağrı, miokard işemiyası və kəskin koronar sindrom və s. mövzular yer alıb, praktiki vərdişlər və bacarıqlar ətraflı təsvir edilib, protokollara uyğun diaqnostika və müalicə metodları göstərilib.
Kitab Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Şurasının yekdil qərarı ilə dərslik qrifi ilə nəşriyyata təqdim edilib və artıq Təcili tibb kafedrası kitabdan dərslik kimi istifadə edir.
MEDİCİNA.AZ