"Peyvəndləmə sürətli olsun və insan toplumu az olsun deyə əksər özəl klinikalara peyvənd paylanmalıdır, barmaqla sayılacaq qədər yox... Ola bilər bu işi həmin klinika işçilərinə etibar etmirlər. O zaman öz nümayəndəsini qoysun".
Medicina.az xəbər verir ki, bunu
tanınmış həkim-pediatr Aytən İsmayılzadə deyib.
Həkim bildirib ki, əgər öz nümayəndəsi çatmırsa həmin klinika daxilində kimsə TƏBİB tərəfindən əlavə əmək haqqı verilməklə bu iş üçün ayrılsın:
"Məsələn, bizim klinika Bioloji təbabət klinikası kifayət qədər yaxşı yerdə yerləşir, yanında 20 saylı poliklinikada peyvənd var, bizdə isə yox. Niyə? Əvvəl demişdilər olacaq, sonra dedilər yox gərək TƏBİB işçisi ola. Niyə də niyə. Bu işi bu qədər özəlləşdirməyə nə gərək var? Hepatit B peyvəndi üçün hər hansı klinikaya sərbəst müraciət edə bilən şəxs kovid peyvəndi üçün də müraciət edə bilsin. Biləcəridə 15 saylı poliklinikanın girişi insan əlindən görünmürdü. Ondan bu tərəfdə "Şəfa ocağı" özəl klinika var. Ora da peyvənd verilə bilər. Pul versələr nə qədər işsiz həkimlər bu işə cəlb olunar.
Həkim qeyd edib ki, işi sürətləndirmək vacibdir:
"İndiki peyvəndləmə hələ aylar sonra qoruyacaq. Amma kütləvi hamı eyni vaxtda edilməlidir. Bu qazanılacaq immunitet üçün vacibdir. Yoxsa hərə immunitetin hər hansı səviyyəsində olacaq və yenə heç nə dəyişməyəcək. Kim bilirsə hansı klinikada ( poliklinika yox) peyvənd olunur adını yazsın lütfən. Mənim bildiyim "Yeni klinika", "Medi Lux", "Bakı Sağlamlıq Mərkəzi", "Leyla Medical Center".Yeni peyvəndləmə briqadalarının təşkilində iştirak edə bilərəm. Mənim maddi marağım yoxdur. Amma icra edəcəklərin maddi marağı yaxşı şəkildə qarşılanmalıdır".