Azərbaycanın tanınmış elmi işçisi, Azərbaycan Tibb jurnalının baş redaktorunun müavini Fuad İslamzadə xüsusi olaraq medicina.az saytı üçün şəxsi müalicəvi metodlarını açıqladı. Müsahibimiz eyni problemləri olan insanlara da bu üsulların faydalı ola biləcəyini düşünür.
" Mənim işim oturaq olduğundan əsas problemim onurğa ilə bağlı idi. İnternetdə maraqlanıb tapdığım bir metodun effektini gördüm. Norbekov adlı özbək müəllifin təqdim etdiyi idman hərəkətlərini etdim və və ağrılarım getdi. Norbekov özü də xəstəliklər keçirib və özünü bu metodlarla sağaldıb. Bu idman hərəkətlərinə başladıqdan sonra həkimə müraciət etməmişəm. Onurğasında problemi olanlar Norbekovun metodunu axtarsınlar və başlasınlar.
İkincisi qidalanma ilə bağlı 3-4 aydır riayət etdiyim pəhrizdir. Son zamanlar dünyada yayılmış Qlütensiz qidalanma sisteminə keçmişəm. Qlüten un məmulatlarının tərkibində olan maddədir. Düyüdə, qarğıdalıda qlüten olmadığından bunlardan istifadə edirəm. Oynaqlarımda, mədə və on iki barmaq bağırsaqda olan problemlər bu pəhrizlə keçib gedib. Qlütensiz qidalanma çox xəstəliklər üçün effektivdir”.
Həkim istifadə etdiyimiz su ilə bağlı da maraqlı açıqlama etdi:
"Mən illərdir güclü filtr aparatından keçirilmiş su içirəm. Suyun təmizliyi vacibdir. Bir dəfə AZƏRSU-ya gedərək, suyun tərkibi barədə analiz kağızı istədim. Dedilər, biz elə sənəd verə bilmərik. Onda suda ağır metalların hansı aparatla təmizləndiyini öyrəndim. Araşdıranda məlum oldu ki, o aparatın ölçmə göstəriciləri elə də güclü deyil. Amma mən özüm Bakıya gələn suyu laborarotiyada analizə verdim. Insafən suda ağır metallar yol verilən normadan aşağı çıxdı. Bakıda suyun keyfiyyəti əvvəlki illərə baxdıqda yaxşıdır. Amma suda ağır metalların az dozası belə bəzi xəstəliklər var ki, onlara mənfi təsir göstərir. Elə insanlar var ki, irsi olaraq onun orqanizmindən ağır metalların xaric olunması sistemi zəifdir, pozulub. Bu insanlara tərkibində az da olsa ağır metal olan su çox zərərlidir".