Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tanınmış həkim Kamal Yusufov – 100 - FOTO

  • 2019.11.27 13:24
  • 13021 Baxış
Tanınmış həkim Kamal Yusufov –  100 - FOTO
Həyatda elə insanlar var ki, onları Allahın yerdəki xeyirxah mələyi də adlandırmaq olur. Onları görən hər kəsin ürəyi açılır, könlü xoş olur, həyata, gələcəyə ümidləri artır. Tanıyan hər kəs sevir, hörmət bəsləyir bu insanlara, rastlaşanda ehtiram nümayiş etdirir. Belələri yaşadıqları müddətdə el-obanın ümid yeri, "qənimət adam” sayılır, dünyadan köçəndə ardınca "elin-obanın, millətin kisəsindən getdi” deyilir. Həm sağlığında, həm də dünyasını dəyişdikdən sonra eyni sevgi ilə xatırlanır Allahın yerdəki bu mələkləri. Onlar bu sevgini, bu müqəddəs titulu öz yaxşı əməlləri, təmənnasız xeyirxahlıqları, bütün ömürləri boyu insanlara bəxş etdikləri sevinclə, xoşbəxtliklə qazanırlar. Belə insanlardan biri də həkim Kamal Yusufovdur.   


27 noyabr Azərbaycan səhiyyəsinin görkəmli nümayəndəsi, bütün ömrünü tibb elminə və insanların sağlamlığına həsr etmiş tanınmış cərrah, Respublikanın əməkdar həkimi Kamal Yusufovun 100 yaşı tamam olur.  


 Kamal Yusufov 27 noyabr 1919-cu ildə Şuşa şəhərində, papaqçı ailəsində anadan olub. Orada orta təhsilini alıb, Şuşa Pedaqoji Texnikumunu bitirib. 1938-1939-cu ildə illərdə rayonun "Kolxoz bayrağı” qəzetinin məsul katibi vəzifəsində işləyib. Ordu sıralarına çağrılanadək Şuşanın Qusçular kənd məktəbində müəllim işləyib.


1939-cu ildən Belorusun Lyuboml şəhərində ordu sıralarında sıravi əsgər kimi qulluq etməyə başlayıb, az sonra serjant rütbəsi alıb. Böyük Vətən müharibəsi başlayanda Kamal Yusufov pulemyotçu bölmənin komandiri təyin edilib. 1942-ci ilin sonlarında ağır yaralanaraq ordudan təxris edilib. Doğma şəhərinə qayıtdıqdan sonra 2 il Şuşa Rayon İcraiyyə Komitəsinin məsul katibi vəzifəsində çalışıb.


1944-cü ildə Kamal Yusufov Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1949-cu ildə professor F.A.Əfəndiyevin rəhbərlik etdiyi pediatriya və sanitar-gigiyena fakültəsinə, kliniki cərrahiyyənin ordinaturasına qəbul edilib. Ordinaturanı bitirdikdən sonra, 1953-cü ilin fevral ayında respublika Səhiyyə Nazirliyinin göndərişi ilə Mingəçevir şəhər xəstəxanasının cərrahiyyə şöbəsinə müdir və baş cərrah təyin edilib. Az bir vaxtda kollektivin və şəhər əhalisinin hörmətini qazanıb. Öz sahəsində çox yaxşı mütəxəssis hesab edilən Kamal Yusufov elmi, nəzəri və praktik biliklərini  artırmaqdan da əl çəkməyib.   


1959-cu ildə Leninqrad həkimləri Təkmilləşmə İnstitutunda ortopediya, protezləşdirmə və travmatologiyanın əsasları, 1960-61-ci illərdə Tiflis həkimləri Təkmilləşdirmə İnstitutunda torakal cərrahiyyəsi, 1965-ci ildə Rusiya Səhiyyə Nazirliyinin klinikasının proktologiya elmi-tədqiqat laboratoriyasında proktologiya üzrə ixtisaslaşma kursları keçib.


1966-cı ildə Səhiyyə Nazirliyinin təqdimatı ilə özünün yaratdığı Respublika Kliniki Xəstəxanasının proktologiya şöbəsinə müdir təyin edilib. 1968-ci ildə Mingəçevir şəhər Partiya Komitəsinin və ZDS İcraiyyə Komitəsinin vəsadəti ilə yenidən Mingəçevir şəhər xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri və baş cərrahı təyin olunub.


1968-ci ilin iyun ayında Kamal Yusufova tibb sahəsində əvəzsiz xidmətlərinə görə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Respublikanın Əməkdar həkimi fəxri adı verilib. Onu da qeyd edək ki, Kamal Yusufovun əməyinin dövlət tərəfindən qiymətləndirilməsi bununla yekunlaşmır. Fəaliyyəti dövründə o, "Arxa cəbhədə rəşadətli əməyə görə” (1945), "Rəşadətli əməyə görə” (1961) medalları ilə, "Vətən müharibəsi” ordeni ilə (1985), "Səhiyyə əlaçısı” nişanı ilə, Ali Sovetin fəxri fərmanları ilə də təltif edilib.


1985-ci ilədək Respublika Cərrahlar Cəmiyyəti idarə heyətinin və "Azərbaycan tibb jurnalı” redaksiyası şurasının üzvü olub. Ümumittifaq cərrahlar qurultayında (Moskva, 1955-ci il), uroloqların 1-ci Ümumittifaq qurultayında (Bakı, 1972-ci il), Zaqafqaziya cərrahlarının və həkim-proktoloqların (Moskva, 1972-ci il) 4-cü konfranslarında nümayəndə və məruzəçi kimi iştirak edib.


1973-75-ci illərdə Mingəçevir şəhər səhiyyə şöbəsinə Kamal Yusufov rəhbərlik edib. 1979-cu ildə paytaxta - Bakı şəhərinə köçüb. 1980-ci ildən 1983-cü ilədək Respublika Kliniki Xəstəxanasının proktologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 1983-cü ildən ömrünün sonunadək həmin xəstəxananın cərrahiyyə korpusunun qəbul şöbəsinə rəhbərlik edib. Kamal Yusufov1999-cü ilin mart ayında vəfat edib.


Kamal Yusufovgil ailədə yeddi qardaş olublar. Onlardan altısı müharibəyə yollanıb, beşi geri qayıtmayıb. Cəbhədən yaralı qayıtmasına baxmayaraq Kamal özündə güc tapıb həyata davam edib. Təkcə öz əvəzindən yox, həm də müharibədə həlak olmuş qardaşlarının əvəzindən yaşamağı bacarıb. Həkimlik fəaliyyəti dövründə on minə yaxın (8110) cərrahi əməliyyat aparıb. Minlərlə insanın sağlamlığını, həyat eşqini yenidən özünə qaytarıb, neçə-neçə ailəni vaxtsız insan itkisinin faciəsindən xilas edib. 


İstər həkim yoldaşları, istərsə də pasienti olmuş insanlar deyirlər ki, Kamal Yusufov xəstələri yalnız dərin elmi-nəzəri biliyi, yüksək bacarığı, zəngin təcrübəsi ilə deyil, həm də özünün insanpərvərliyi - mehriban davranışı, şəfqətli baxışları, böyük ürəyi ilə sağaldıb həyata qaytarırdı. Təkcə Bakıda yox, ömrünün böyük hissəsini yaşayıb, işlədiyi   Mingəçevirdə də onun xatirəsi tanıyanlar tərəfindən daim ehtiramla yad edilir. 


 

Kamal Yusufov 1963-cü ildə ailə qurub. Üç övladı dünyaya gəlib. Bir qız, iki oğlan. Ailənin kiçik oğlu Rauf Yusufov hazırda atasının peşəsini davam etdirir, həkimdir. Rusiyanın Farmasintez şirkətinin Azərbaycan nümayəndəsidir. Ailənin digər iki övladı Kamilə Ağayeva və Kamil Yufufov geofizika sahəsini seçiblər. 


Kamil  Yusufov Norveçin Logtek AS neft və qaz servis şirkətinin Baş Geodata Məsləhətçisidir. Kamilə Ağayeva AMEA-nın Geologiya İnstitunun böyük elmi işçisi, geologiya və mineralogiya üzrə fəlsəfə doktorudur.   


Övladlarının dediyinə görə Kamal Yusufov həkimlikdən başqa həm də çox yaxşı aşpaz olub. Vaxtaşırı, ailəsi və yaxın dostları üçün Qarabağ mətbəxinin ləziz xörəklərini bişirirmiş. Qarabağsayağı plovları xüsusi sevgilə hazırlayırmış. O, kitab oxumağı və muğama qulaq asmağı da çox sevərmiş.İstirahət günlərində radioda gedən muğam saatı  verilişinin heç bir buraxıışını ötürməz, sevə-sevə dinləyərmiş. Ən çox sevdiyi məşğuliyyətlərdən biri də övladlarını muzeylərə aparmaq və onlarla birgə tarixi abidələr olan yerləri gəzmək olub Kamal Yusufovun...  


P.S

İstirahət günlərinin birində Kamal həkim ailəlikcə Bakıda yaşayan yaxın dostunun övlad toyuna gedir. Toyda təzəcə oturub rahatlanıbmış ki, Mingəçevirdən xəstə gətirildiyini xəbər verirlər ona. "Evin yeganə övladıdı” - deyirlər - "vəziyyəti ağırdı, ağacdan yıxılıb, daxili qanaxması var”. Kamal həkim dərhal toy mərasimini tərk edib işə gedir. Çox gərgin cərrahi əməliyyatdan sonra xəstə ölümün pəncəsindən xilas olur... 


İllar sonra – bir gün Kamal həkim işdə olarkən gənc bir ailə otaqına girir. Cavan oğlan, yanında da qucağında bələk tutmuş gənc xanım. Salam verəndən sonra oğlan sual dolu baxışlarını həkimə zilləyib dillənir: 

–Həkim, tanımadınız ?Vaxilə siz məni ölümdən qurtarmısınız. Ağacdan yıxılan oğlanam, ailə qurmuşam, yanımdakı xanımımdı. Bugünlərdə oğlumuz olub, gəlmişəm ki, xeyir-dua verəsiniz, adını Kamal qoyaq...


Şəkillərdə 

Xanımı ValentinavYusufova, qızı Kamilə Ağayeva, oğlanları Kamil Yusufov, Rauf Yusufov.


 

 


 

Tanınmış həkim Kamal Yusufov –  100 - FOTO
Tanınmış həkim Kamal Yusufov –  100 - FOTO
Tanınmış həkim Kamal Yusufov –  100 - FOTO
Tanınmış həkim Kamal Yusufov –  100 - FOTO
Tanınmış həkim Kamal Yusufov –  100 - FOTO
Tanınmış həkim Kamal Yusufov –  100 - FOTO
Tanınmış həkim Kamal Yusufov –  100 - FOTO