Ötən gün Bakıda " Mən Yaşamağa başladım” adlı ekoloji sosial layihə həyata keçirildi.
Medicina.az xəbər verir ki, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Cəmiyyəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon şöbəsi, Binəqədi Rayon İcra Hakimiyyəti ilə birlikdə "Mən yaşamağa başladım” layihəsinin davamı olaraq sosyal layihə keçirilib. Belə ki, təyin olunmuş ərazidə "Mən yaşamağa başladım” layihəsinin iştirakçısı olan hər bir pasiyent öz sağlamlığının simvolu olaraq yeni bir agac əkib .
Layihənin davamı olaraq artıq 500-cü əməliyyatın tamamında "hərəyə bir agac əkək” devizi ilə 500 ağac əkilib. Bu aksiya həm də mühüm mənəvi-psixoloji əhəmiyyət daşıyır. Belə ki, əkilən hər bir ağac op.dr.Taryel Ömərov tərəfindən müvəffəqiyyətlə icra olunmuş mədəkiçiltmə əməliyyatları nəticəsində həyatın çətinliklərindən qorxmayan, mübarizə əzmi ilə ona sinə gərərək uğur qazanan pasiyentlərin ümid ağacıdır. Keçirilən aksiya özünü cəmiyyətdən təcrid edilmiş sanan, özünə qapanan insanların reablitasiyası üçün də mühüm əhəmiyyət daşıyır.
Bu gün bütün dünyada artıq çəkidən əziyyət çəkən insanların sayı milyonlarladır. Sağlam həyat tərzinə qovuşmaq, gözəl bədən quruluşuna sahib olmaq istəyən bu insanlar çox zaman arzularını reallaşdırmaq üçün həyatlarını təhlükə qarşısında qoyurlar. Həddindən artıq köklük orqanların yağlanmasına, nizamsız işləmələrinə və hormonal tarazlığın pozulması kimi müxtəlif xəstəliklərə səbəb olur. Artıq çəkisi olanlarda daha tez-tez rast gəlinən xəstəlikləri belə sıralaya bilərik: nəfəs darlığı, ağciyər, qaraciyər və öd kisəsi xəstəlikləri ilə öd kisəsində daş meydana gəlməsi, ürək və damar xəstəlikləri və buna bağlı yüksək təzyiq xəstəliyi, şəkər xəstəliyi, oynaq və əzələlərdə revmatik ağrılar, qadın xəstəlikləri, adət nizamsızlığı, dərialtı yağ toxumasının çox olması dəri infeksiyalarının əmələ gəlməsi, əzələlərdə və ayaqlarda göbələk infeksiyası və s.dir.
Bütün bunlara kök adamın əsəbi, stress altında yaşadığını, yuxusuzluğu əlavə etsək, mənzərənin son dərəcə acınacaqlı olduğunu görə bilərik. Bütün bu xəstəliklər xroniki hala gələrsə təəssüf ki, erkən ölümlər baş verir.
Eyni zamanda əməliyyat olunmuş pasiyentin üzlərindəki təbəssümü, həyata yenidən bağlılığını, gözlərindəki sevinci, müsahibələri zamanı onları əməliyyat edən dr. Taryel Ömərova nə qədər minnətdar olduqlarını, onlara sanki yaşama şövqü verdiyini ifadə etmələri, əməliyyat olmuş və həyatlarını sağlam, uğurlu bir şəkildə yaşamağa davam etmələri bu əməliyyatın heç bir əndişə, qorxuya səbəb olmamasının əyani sübutudur.
Uğurlu əməliyyatdan sonra həyatında tam başqa bir səhifə açıldığını qeyd edən pasiyent Xəyalə Novruzova bildirib ki, "bu əməliyyata qərar vermək mərhələsində çox tərəddüdlərim vardı. Bəzi insanlar isə əsassız məlumatlarla bu əməliyyatın sonradan əks təsirlərinin olduğunu söyləyirdilər.Təbii ki, hər kəs kimi mənə də öz canım əziz idi, məhz bu səbəbdən əməliyyatdan öncə ətraflı analizə başladım. Xarici əməliyyatlara baxdım, yerli əməliyyatlarla müqayisə etdim, təsadüfən op. dr. Taryel Ömərova rast gəldim. Əməliyyat etdiyi pasiyentlərin videolarına və şəkillərinə baxdım. Alınan uğurlu nəticələr göz önündə idi. Taryel doktorun Beynəlxalq Bariatrik Assossaiyanın Azərbaycandakı tək üzvü olduğunu və əməliyyatları beynəlxalq səviyyədə icra etdiyini öyrəndikdən sonra öz özümə sual verdim: Axı niyə mən də bu uğurun bir parçası olmayım, öz həyatıma yeni səhifə açmayım? Qərarımı verdim və rahatlıqla əməliyyata daxil oldum. 130 kg ilə daxil olduğum əməliyyatdan artıq 2 il keçir, hazırda 62 kilogramam. Təsəvvür edə bilməzsiniz, bu məni həyatımı necə dəyişdi. Əməliyyatdan xeyli müddət keçməsinə rəğmən heç bir yan təsiri ilə rastlaşmadım. Tam əksinə, indi daha rahat, daha pozitiv düşüncəli, daha aktiv, ən əsası daha sağlamam”.
Digər pasiyentlər Vüsal və Tural da layihənin adının onların real həyatda səsləndirdiyi deviz olduğunu vurğuladılar: "Mən Yaşamağa Başladım!”
Son illərdə Azərbaycanda "Modern Hospital" və Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Cəmiyyəti bu istiqamətdə çox mühüm işlər görməkdədir. Bariatrik cərrah Taryel Ömərov aksiyanın bundan sonra da davam etdiriləcəyini bildirdi.
"Artıq çəkidən əziyyət çəkən və bu səbəbdən özünü cəmiyyətdən təcrid olunmuş sanan şəxslərin yenidən reablitasiyası üçün silsilə aksiyalar həyata keçirilr. Son ağacəkmə aksiyası bu istiqamətdə atılan təqdirə layiq addımdır. Belə ki, öz sağlamlığına qovuşan, iradəsinin, əzminin mükafatı olaraq artıq çəkidən azad olan 500 pasiyent hərəyə bir ağac əkməklə cəmiyyətə mesaj veriblər. Bu, həm də insan iradəsinin hər şeydən güclü olduğunu, qarşıya qoyulan məqsədə çatmaq üçün iradənin, əzmin vacibliyini hər kəsə nümayiş etdirir.
Eyni zamanda ölkəmizdə bu sahədə mühüm işlərin görüldüyü, "Modern Hospital"ın nəzdində fəaliyyət göstərən Sağlam Arıqlama Mərkəzinin qazandığı uğurların əyani göstəricisi olan bu aksiya bir daha sübut edir ki, hər kəs öz sağlamlığına qovuşmaq üçün öz sahəsinin mütəxəssisi olan həkimlərə etibar edə bilər. Aksiyada iştirak edən 500 pasiyent məhz bu ümidin, inamın xoşbəxt sonluğunu yaşayan insanlardır. Onların əkdiyi ağaclar da sağlam gələcəyə ünvanlanan bir mesajdır. Bu həm də Azərbaycan səhiyyəsinin, "Modern Hospital"ın qazandığı uğurların "yaşıl təzahürüdür”. Arzu edirik ki, illər keçdikcə bu ağacların sayı da artsın - sağlam, gözəl həyat hər kəsin qisməti olsun”.
Aygün Musayeva