Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Talassemiyalı xəstələrin pulunu mənimsəyən

  • 2024.04.03 18:23
  • 932 Baxış
Talassemiyalı xəstələrin pulunu mənimsəyən

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


"Medicina" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa təqsirləndirilən Nuridə Seyidovanın vəkili gəlməyib.

Sədrlik edən hakim Azad Məcidov deyib ki, vəkil Lətifə Kərimova artıq ikinci dəfədir, məhkəməyə gəlmir. Bu səbəbdən Vəkillər Kollegiyasına müraciət ediləcək. Belə ki, N.Seyidova bir müddət əvvəl dövlət hesabına vəkillə təmin olunmasına baxmayaraq, müdafiəçidən imtina edib, Lətifə Kərimova ilə müqavilə bağlayıb. Lakin həmin vəkil iclaslarda iştirak etmir.

“Biz məhkəmə istintaqını başlaya bilmirik. Vəkil hər dəfə məhkəmə iclasını qəsdən pozur. Get, özünə başqa vəkil tut”, - deyə hakim müttəhim Seyidovaya səslənib.

Prosesdən sonra zərərçəkmişlə təqsirləndirilən şəxslərin yaxınları arasında narazılıq yaranıb.

Təqsirləndirilən şəxslərdən birinin yaxını zərərçəkmiş şəxslərdən birinə şikayət etdiyi üçün qarğış edib.

“Xəstə uşaqların pullarını yeyiblər, indi artistlik edirlər”, - deyə talassemiyalı uşağın atası cavab verib.

Məhkəmə prosesi aprelin 17-də davam edəcək.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə bir milyon manata yaxın dələduzluq edib.

Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova həbsdədir. Digərləri barədə həbsə alternativ qətimkan tədbiri seçilib. /qafqazinfo.az/