Son zamanlar sürücülərin şikayət etdiyi əsas məsələlərdən biri də qəza baş verən zaman yol polisi tərəfindən nəqliyyat vasitəsini idarə edən şəxsin və ya şəxslərin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsinin mütləq şəkildə tələb olunmasıdır. Həmçinin tibbi müayinə haqqında akt da tələb olunan "vacib sənəd” hesab olunur.
Medicina.az avtosfer.az-a istinadən xəbər verir ki, sürücüləri isə narahat edən məsələ təkcə sərxoşluq testindən keçmək deyil. Belə ki, tibbi müayinə üçün yol polisi tərəfindən göndərilən müayinə yerində hər sürücüdən 10 manat məbləğində pul tələb edilməsidir. Sürücülər deyir ki, pulu vermədikdə həmin akt verilmir və "get yol polisi özü gəlib götürər” kimi sözlər deyilir. Bəs görəsən tibbi müayinə üçün ödəniş vacibdirmi? Ümumiyyətlə bütün hallarda mütləq şəkildə sərxoşluq testindən keçmək lazmıdırmı?
Qanunvericilik nə deyir?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il 209 saylı qərarında "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə bütün müddəalar öz əksini açıq şəkildə tapıb.
Qərarın 2-ci bəndində nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsinin hansı hallarda zəruri olduğu bildirilir.
2.1. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir:
2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə;
2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə;
2.1.3. özünü idarə edə bilmədikdə.
Bu hallar aşkarlandıqda yol polisi əməkdaşları nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edərək müəyyən edə bilər.
Sürücü tibbi müayinəyə nə zaman göndərilə bilər?
Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması isə yuxarıda qeyd edilən əlamətlər aşkar olunduqda və yerində müəyyən etmək mümkün olmadıqda tətbiq edilə bilər. Həmçinin nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Amma sadalanan hallar olmadıqda isə buna ehtiyac yoxdur.
Bəs alınan 10 manat "rüsum” qanunidirmi?
Sürücülərdən tibbi müayinə üçün tələb olunan hər hansı pul qanunsuzdur. Çünki qeyd olunan qərarda bildirilir ki, tibbi müayinə yalnız dövlət hesabına aparılır və buna görə hər-hansı ödəniş tələb olunmur.