Bir çox insan yaşlandıqca idrak qabiliyyətinin kəskin şəkildə azalacağını düşünür: fikirlər qarışır, unutqanlıq yaranır, orta məktəbdəki ingilis dili müəllimimizin adını və ya ərzaq mağazasından nə alcağımızı xatırlaya bilmirik. Lakin bu, hər kəsə şamil edilə bilməz.
Medicina.az xəbər verir ki, son illərdə elm adamları "super qoca" adlandırılan insanları getdikcə daha çox tədqiq edirlər. Yaşı 80-dən yuxarı olsa da, yaddaşı 20-30 yaş daha kiçik olanlar belə adlandırılır.
“Journal of Neuroscience” elmi jurnalında dərc olunan məqalə “super qoca”ların beyinlərinin sirrini açıb. Ən mühüm nəticə isə onların beyinlərinin yaşıdlarına nisbətən daha az kiçilməsi olub.
Yeni araşdırma “super qoca”ların 80 yaşında belə niyə çox yaxşı yaddaşa sahib olduğunu ortaya qoyur. Araşdırma İspaniyada yaşayan 119 nəfərlə aparılıb. 64 “super qoca” ilə birlikdə 55 tipik qoca müayinə olunub.
İştirakçıların yaddaşları, motor bacarıqları və şifahi qabiliyyətləri yoxlanılıb. Beyin skanları və qan testləri təhlil edilib. Onlar həyat və davranışları ilə bağlı sualları da cavablandırıblar. Müəyyən edilib ki, beynin yaddaşla əlaqəli hissələri “super qoca”larda daha çox həcm tutur. Beynin idrakda mühüm rol oynayan ön hissələrindəki əlaqələrin daha güclü olduğu da müşahidə edilib.
Madrid Politexnik Universitetindən nevroloq Dr. Brayan Streyncin rəhbərlik etdiyi araşdırmada Alzheimer simptomlarının hər iki qrupda aşağı səviyyədə qaldığını vurğulanıb.
“İdrak qabiliyyətində və beyində yaşla bağlı itkilərə qarşı dayanıqlılığın sübutunu təmin edən təəccüblü fərqlər tapdıq. 2012-ci ildə “super qoca”larla bağlı ilk araşdırmalardan birini nəşr edən Çikaqo Universitetindən Emili Roqalski də onların beyninin 50-60 yaşlı insanların beyninə bənzədiyini, ancaq daha yavaş kiçildiyini üzə çıxarmışdı. Roqalski belə insanların sayının ümumi əhalinin 10 faizindən də azını təşkil etdiyini bildirir".
Dr. Strreync “super qoca”ları ilk baxışdan tanımağın mümkün olduğunu iddia edir:
“Çox enerjili insanlardır. Onlar həvəslidirlər və yeni ideyalara açıqdırlar. Onların daha sağlam beyinləri daha sürətli hərəkət etməyə imkan verir”.
Necə “super qoca” olmaq olar?
Mütəxəssislər bu suala dəqiq cavab verə bilməsələr də, İspaniyada aparılan araşdırma sağlamlıq və həyat tərzi ilə bağlı ipucları verir. “Super qoca”ların qan təzyiqi və qlükoza mübadiləsi kimi məsələlər baxımından daha yaxşı fiziki sağlamlığa sahib olduqları aşkar edilib.
Hazırda həmyaşıdlarından çox idman etməsələr də, orta yaşda daha aktiv həyat sürdükləri müəyyən edilib. Onların psixi sağlamlıqlarının da yaxşı olduğu müəyyən olunub.
Digər tərəfdən, Dr. Streync onların adi qocalarla oxşarlıqlarının fərqlərdən çox olduğunu deyir:
“Məsələn, qidalanma, yuxu rejimi, peşə tarixi, spirt və siqaret istifadəsi kimi sahələrdə “super qoca”lar normal yaşlılarla eyni ola bilir”.
Dr. Roqalskinin araşdırmasında iştirak edən şəxslərdən Tessa Herrison isə bunları söyləyib:
“Onların beyinlərində molekulyar səviyyədə hələ dərk etmədiyimiz bir müqavimət mexanizmi və ya bir növ təsadüfə əsaslanan meyllilik ola bilər, amma hələ də bunun nə olduğunu tapa bilməmişik”.
Tibb dünyası “super qoca”ların sirrinin nə olduğuna dəqiq cavab verməsə də, beyin sağlamlığında sağlam qidalanma, fiziki aktivlik və kifayət qədər yuxunun da rol oynadığı məlumdur.
Aysel