Hələ ibtidai dövrdə ilk insanlar heyvanları ovlayaraq yaşamaq üçün onların dərisindən istifadə etdikləri hamıya məlumdur. Həmin dövrdə bu davranış məntiqli idi, çünki insanın ölümcül soyuqdan qorunması üçün heyvan dərisindən başqa heç nəyi yox idi. Amma müasir dünyada xəz geyimlər təkcə soyuqdan qorunmaq məqsədilə deyil, həmçinin də dəb xətrinə də geyinilir. Bu isə heyvansevər insanların narazılıqlarına səbəb olur. Hətta Qərbdə kürk geyinən insanlar qınaq atəşinə məruz qalırlar, onlara "görməmiş” damğası vurulur. Əksər qərblilər də kürkdən imtina ediblər. Bu isə heyvanların işgəncə ilə öldülürməsinə qarşı çıxmaq məqsədi daşıyır.
Çox gözəl görünən xəzdən hazırlanmış üst geyimləri, papaqlar, aksessuarlar sevimli əşyalar olaraq bir çoxlarının qarderobunda yer alır. Amma son zamanlar əsasən Avropa ölkələrində fəaliyyət göstərən bir sıra Heyvan Hüquqlarının Müdafiəsi cəmiyyətlərinin aktivistləri kürk geyinənlərə qarşı etirazlarını nümayiş etdirirlər. Məhz buna görə də təbii kürk geyimlərin istehsalı ilə məşğul olan dünyaca məşhur markalar və brendlər son zamanlarda "Heyvan Hüquqlarının Müdafiəsi” cəmiyyətlərinin sərt tənqidi ilə qarşılaşdıqlarından kolleksiyalarındakı təbii xəzdən hazırlanan geyimləri süni xəzlə əvəz etməyə üstünlük verirlər.
Medicina.az xəbər verir ki, təbii kürkə 1929-cu ildə alternativ yaradılsa da, o yalnız keçən əsrin 5-ci illərindən sonra populyarlıq qazanıb.
Sintetik kürk – kömür, əhəngdaşı və karbohidrogen xammallarından hazırlanan emal olunmuş və qurudulmuş liflərdir. Bu lifləri pambıq və ya ipək özəyə yerləşdirərək sonradan ona istənilən uzunluğu və rəngi vermək mümkündür. Müasir texnologiya sayəsinədə keyfiyyətcə və xarici görünüşcə təbii xəzə bənzəyən süni xəz istehsal olunur.
Nə qədər təbii xəzə bənzəsə də, gözəl görünsə də süni xəzin bir sıra mənfi və müsbət xüsussiyyətləri var.
Medicina.az həmin cəhətləri təqdim edir:
Müsbət tərəfləri:
1.Süni xəz təbii xəzdən ən əsası ucuz qiymətinə görə fərqlənir. Sintetik liflərdən hazırlandığı üçün bu cür xəz geyimlər təbii xəzlərdən dəfələrlə ucuz olur.
2.Görünüşcə süni xəzi təbiidən ayırmaq demək olar ki, mümkün deyil.
3.Xüsusi saxlanma şəraiti tələb olunmur, təmizləmək çox asandır. Hətta ən rəngarəng süni xəzdən hazırlanan geyimlər uzun müddət öz rəngini və görünüşünü itirmirlər.
Çatışmayan çəhətləri:
1.Süni xəz geyimlər ekoloji cəhətdən bir o qədər də təmiz sayılmır. Onun hazırlanmasında akril və poliakril polimerlərdən istifadə edilir. Təbii kürklə müqayisədə isə bu maddələr sağlamlıq üçün nisbətən zərərli hesab oluna bilər.
2.Başqa bir mənfi xüsusiyyəti isə süni kürklərin soyuğa az davamlı olmasıdır. Buna görə də belə geyimlər ekstremal hava şəraitinə uyğun deyil. Amma alimlər və dizaynerlər onun bu xüsusiyyətini aradan qaldırmaq üçün çalışırlar.
İnsanların təbii xəzdən cüzi fərqlənən süni xəz almaq imkanına malik olmaları xəzdərili heyvanlara yaşama şansı vermək deməkdir. Ona görə də seçim edərkən yaxşıca düşünmək lazımdır.
Arzu Mirzəyeva
Medicina.az