Klimaks və ya menopauza - orqanizmin təbii "qocalma" prosesinin mərhələsidir, qadının cinsiyyət sisteminin aktivliyinin yaşla əlaqədar tədricən azalması ilə xarakterizə olunur. Qadında menstruasiya (aybaşı) ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər. Bəzi qadınlarda bu zaman sinir sisteminin, daxili orqanların, maddələr mübadiləsinin pozulması olur – klimakterik sindrom inkişaf edir
"Medicina" xəbər verir ki, Respublika Perinatal Mərkəzin mama-ginekoloqu Jalə Cavadova klimaksla bağlı açıqlama vetib.
"Klimaks vaxtı yumurtahüceyrələrin miqdarı çox sürətlə azalır və menstruasiya dayandıqda, tək-tük follikul qalır ki, sonradan onlar da itir.
Estrogenlər (qadın hormonları) orqanizmin bir çox hissələrinə – damarlara, ürəyə, sümüklərə, süd vəzlərinə, uşaqlığa, sidik-ifrazat sisteminə, dəri və baş beyinə təsir edir. Onların səviyyəsinin azalması klimaksın bir çox əlamətlərinin səbəbi hesab olunur. Klimaksın başlanması ilə əlaqədar, yumurtalıqda cinsi meylə cavabdeh olan testosteron hormonunun da sintezi azalır.
Klimaksın başlaması üçün orta yaş 51 yaşdır. Əksər qadınlarda menopauza 45-55 yaş arası başlayır, lakin aybaşı 55-60 yaşdan sonra da kəsilə bilir. Menopoauza siqaret çəkən, heç vaxt hamilə qalmayan və yüksək dağ şəraitində yaşayan qadınlarda vaxtından tez başlayır.
Menopauza ilə əlaqədar hormonal dəyişikliklər, sonuncu aybaşı qanaxmasından 4-5 il əvvəl başlayır ki, bu dövrə də premenopauza deyilir. Qadınlar klimaksın ilk əlamətlərini özlərində, hətta normal menstruasiya olduqda da hiss edə bilərlər. Premenopauza dövrünü və ondan sonrakı bir ili "perimenopauza" adlandırırlar.
40 yaşı tamam olmayan qadınlarda menopauza simptomları yarandıqda, erkən və ya vaxtından tez başlayan klimaksdan söhbət gedə bilər. Erkən menopauza 15 yaşdan 39 yaşadək istənilən yaşda inkişaf edə bilər. Erkən klimaksın ilk əlaməti hormonal tənzimləmənin pozulmasından irəli gələn qeyri-mütəmadi menstrual qanaxmalardır.
Erkən klimaksın qarşısını almaq üçün balanslaşdırılmış həyat tərzi keçirmək, reproduktiv orqanların sağlamlığına nəzarət etmək, ildə ən azı 1 dəfə mama-ginekoloqun müayinəsində olmaq, qarın boşluğunun travmalarından uzaq olmaq, az travmatik cərrahi müalicə üsullarına üstünlük vermək məsləhət görülür.
- Süni klimaks xarici təsirlərlə (bədxassəli xəstəliklərin kimya terapiyası və ya radioterapiyası, yumurtalıqların və uşaqlığın cərrahi yolla xaric edilməsi, yumurtalıqların fəaliyyətinə təzyiq göstərən dərmanlardan istifadə edilməsi) bağlı olaraq yumurtalıqların fəaliyyətinin dayanmasıdır.
Aygün Musayeva