Sumqayıt Apellyasiya Məhkəməsi üç yaşlı Arzu Qurbanlının ölümünə görə Sumqayıt Şəhər Məhkəməsinin “Real” Tibb Mərkəzinin həkimi İsmayıl Qənbərov barəsində verdiyi bəraət hökmünü ləğv edib.
Medicina.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, uzun prosesdən sonra əməliyyat vaxtı ölən azyaşlının ailəsinin şikayəti, eləcə də prokurorluğun protesti əsasında həkim-anestezioloq barəsində ittihamedici hökm çıxarılıb. Apellyasiya məhkəməsi 1968-ci il təvəllüdlü həkimi Cinayət Məcəlləsinin 124.1 (Ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirli bilib. Ona iki il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Həmçinin İsmayıl Qənbərov təyin edilmiş cəzadan “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarı tətbiq olunmaqla azad edilib.
Arzu Qurbanlının ailəsi tərəfindən irəli sürülmüş mülki iddia üzrə mənəvi zərərə görə 5000 manatın təqsirləndirilən şəxsdən tutularaq mərhumun ailəsinə ödənilməsinə qərar verilib.
Qeyd edək ki, bu iş Ali Məhkəməyədək uzanıb. Belə ki, Sumqayıt şəhər sakini, 2013-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub.
Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib. Sumqayıt Şəhər Məhkəməsi ölümə səbəb olan həkimə bəraət verib. Daha sonra Apellyasiya Məhkəməsi də həmin hökmü qüvvədə saxlayıb. Arzunun ailəsinin Ali Məhkəməyə müraciətindən sonra iş yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılıb.
Məhkəmə araşdırmaları zamanı məlum olub ki, üç yaşlı uşaq əməliyyat zamanı anestezioloq İsmayıl Qənbərov tərəfindən “Kalipsol” dərman preparatının normadan artıq verildiyi üçün ölüb. Belə ki, dərmanın profilaktikasını düzgün aparmayan həkim uşağın qusmasına və qusuntunun nəfəs borusuna düşməsi nəticəsində boğularaq ölməsinə səbəb olub.