Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süd vəzisində olan ağrılar şişlə əlaqəlidir? - Həkimdən cavab

  • 2022.04.21 15:12
  • 2398 Baxış
Süd vəzisində olan ağrılar şişlə əlaqəlidir?   - Həkimdən cavab

Süd vəzi xərçənginin yaranmasında genetik faktor mühüm rol oynayır. Onkoloji xəstəliklərdə erkən müdaxilə vacibdir. Məhz bu səbəbdən qadınlar ayda bir dəfə özlərini ev şəraitində müayinə etməli, qeyri-adi bir halla qarşılaşdıqları zaman isə mütəxəssisə müraciət etməlidirlər.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində çıxışı zamanı nazirliyin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib.



Mütəxəssis-ekspert bildirib ki, süd vəzi toxumasında yaranan şişlərin bir neçə növü var. Onlar xoşxassəli şişlər və bədxassəli şişlər olaraq 2 yerə ayrılır. “Qadınlar ayda bir dəfə süd vəzlərini müayinə etməlidirlər və bu müayinə davamlı şəkildə olmalıdır. Süd vəzi xərçənginin yaranmasının bir neçə səbəbləri var. Genetik faktor isə xərçəngin əmələ gəlməsində əsas səbəblərdəndir. Süd vəzi xərçənginin yaranmasında irsilik 30 faiz təşkil edir. Birinci, ikinci dərəcəli qohumlarda süd vəzi xərçəngi, prostat xərçəngi, yoğun bağırsaq xərçəngi, yumurtalıq xərçəngi varsa həmin şəxs süd vəzi xərçənginin risk qrupuna daxildir.



Gənc yaşlarda olan xanımlarda yaşlılara nisbətən adətən süd vəzlərində onkoloji xəstəliklər müşahidə olunmur. Vəzlərdəki xoşxassəli şişlər nadir hallarda bədxassəliyə çevrilir. Zərərli vərdişlər onkoloji xəstəliklərin yaranmasının əsas səbəblərindən biridir. Tütün və spirtli içkilərin tərkibində olan toksik maddələr onkoloji xəstəliklərin yaranmasında böyük rol oynayır. Hormonal pozuntular, piylənmə kimi problemlərdən əziyyət çəkənlər də risk qrupuna daxildir.



Kişilərdə də süd vəzi xərçənginə rast gəlmək olur, lakin belə hallar daha azdır. Qadınlara nisbətən kişilər bu prosesi daha aqressiv keçirir və süd vəzi xərçənginin yaranma səbəbi çox zaman genetik olur. Süd vəzində olan ağrılar əksər hallarda şişlə əlaqəli olmur. Evdə müayinə zamanı vəzlərdəki axıntı müşahidə oluna bilər, lakin bu hal şişlə əlaqəli olmaya da bilər. Süd vəzində axıntı iltihab və infeksiya zamanı da baş verir”,- deyə H.Vəliyeva bildirib.