Hazırda dünyada süd vəzinin xərçəngindən əlavə qeyri-şiş mənşəli xəstəlikləri də aktualdır. Ətraf mühit, sosial, fizioloji və s. amillər nəticəsində süd vəzi xəstəlikləri gündən-günə artır. Bu xəstəliklərin bəziləri preonkogen xarakterlidir, yəni onkoloji xəstəliklərdən əvvəl yaranır. Onlar vaxtında müayinə və müalicə olunmasa, gələcəkdə süd vəzinin onkoloji xəstəliklərinə çevrilə bilər. Bəzi xəstəliklər də var ki, onların süd vəzinin onkoloji xəstəliklərinə çevrilməsi haqqında məlumat olmasa da, həkim baxışı və müalicə tələb edir. Qeyri-şiş mənşəli xəstəliklərə süd vəzi vərəmi, mastiti, absesi, fibroadenomanı, kistoz dəyişiklikləri, mastopatiyanın hər bir növünü, süd vəzinin axarlarının patologiyalarını misal göstərmək olar.
Medicina az xəbər verir ki, bu barədə Azərtac-a Azərbaycan Tibb Universitetinin şüa diaqnostikası və terapiyası kafedrasının müəllimi mamoloq-radioloq Günel Qəmbərova məlumat verib.
Mütəxəssis qeyri-şiş mənşəli xəstəliklər arasında daha çox rast gəlinən süd vəzi vərəmi haqqında məlumat verərək deyib: "Süd vəzi vərəmi birincili və ikincili olmaqla iki qrupa bölünür. Birincili vərəmdə xəstəlik süd vəzinin özündə yaranır. Yəni, birinci ocaq süd vəzinin özüdür. Xəstəlik vərəm basilləri tərəfindən törədilir. Xəstəliyə üç-altı faiz hallarda rast gəlinməsinə baxmayaraq, bu səbəbdən həkimə müraciət edənlərin sayı yetəri qədərdir. Əgər ağciyərdə vərəm olarsa və orqanizmdə müalicəyə qarşı rezistentlik yaranarsa, o zaman xəstəlik süd vəzinə keçmiş olur. Bu, süd vəzinin ikincili vərəmi adlanır. Təəssüf ki, pasiyentlər bəzən öz xəstəliklərini gizlədirlər və bu da diaqnoz qoyarkən çətinliyə səbəb olur. Belə ki, süd vəzi şikayətləri ilə həkimə müraciət edən pasiyent keçmişdə və ya hazırda ağciyər vərəmindən əziyyət çəkdiyini gizlətməməlidir.
Süd vəzi vərəminin əlamətləri əvvəlcədən hiss olunmur. Ancaq erkən əlamətləri təbii ki, mövcuddur. Pasiyentlərdə arıqlama, iştahasızlıq, süd vəzində ödəm, dəri qalınlaşması, ağrılı düyünlərin olması erkən əlamətlərdir. Daha sonralar isə süd vəzində qaşınma, yara, irin, dəri qopması və ifrazat gəlməsi kimi əlamətlər müşahidə olunur. Bunlar gecikmiş əlamətlər hesab olunurlar. Həkim baxışından sonra xəstədə ultrasəs və mamoqrafik müayinə aparılır. Digər kliniki əlamətlərlə yanaşı, süd vəzində hər hansı bir ocaqlı dəyişikliklər, heterogen nahamar kölgəliklər, ödəm fruktasiya və makrokalsinatlar aşkarlanarsa, mütəxəssis mütləq iltihabi mastit, abses, orqanın onkoloji xəstəliyini, o cümlədən vərəmi düşünərək differensasiya aparmalıdır. Əgər xəstəlik tuberkulindiaqnostika, Mantu sınağı və sitoloji yaxma ilə təsdiqlənirsə, o zaman müalicəni yalnız həkim-fiziatr həyata keçirməlidir. Çünki bu xəstəlik onkoloji və mamoloji müalicəyə tabe deyil. Xəstəliyin proqnozu qənaətbəxşdir. Vərəm əleyhinə müalicə alan xəstə tam sağalır. Lakin ağciyər, uşaqlıq yolu, yumurtalıq da mütləq müayinə olunmalıdır. Çünki süd vəzində ikincili vərəm varsa, digər orqanlara da keçə bilər”.