Oktyabr ayında süd vəzi xərçənginə qarşı mübarizə aylığı keçilməsi ənənə halını alıb. Onun keçirilməsini ilk dəfə 1993-cü ildə Dünya Səhiyyə Təşkilatı elan edib.
Medicina.az xəbər verir ki, hər il oktyabrın 15-də dünyanın 44 ölkəsində Süd Vəzi Xərçənginə Qarşı Ümumdünya Mübarizənin Günü keçirilir.
Onkoloji qadın xəstəlikləri sırasında süd vəzin xərçəngi birinci yeri tutur və onunla xəstələnənlərin sayı ildən-ilə artır.
Bəzən xəstəliyə kişilər arasında da təsadüf edilir, lakin onların çoxu xəstəliyin inkişafından şübhələnmədiklərinə görə dərhal həkimə müraciət etmirlər. Gecikmiş diaqnostika və vaxtında aparılmayan müalicə mənfi terapevtik nəticələrə aparıb çıxarır.
Süd vəzi xərçəngi son illər ən çox narahatlıq doğuran onkoloji xəstəliklərdən birinə çevrilib. Hər il dünyada 10 milyondan çox qadın həmin xəstəliyə mübtəla olur. Dünya Səhiyyə Təşkilatı ekspertlərinin məlumatına görə, 2020-ci ilə həmin rəqəmin 15 milyon həddinə qədər artmaq ehtimalı var. Hər il süd vəzi xərçəngindən 6 milyondan çox qadın həyatını itirir.