Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Süd məhsullarının üzərində təbii süd və ya süd tozundan hazırlanması yazılmalıdır - Ekspert

  • 2022.01.12 16:04
  • 2290 Baxış
Süd məhsullarının üzərində təbii süd və ya süd tozundan hazırlanması yazılmalıdır -  Ekspert
Mövcud bazarda Azərbaycanda əhaliyə təqdim edilən südün istər təbii, istər süd tozundan hazırlanmasında nə qiymət fərqi, nə də ki üzərində fərqi müəyyən edən nişan yoxdur.

Təbii südlə yanaşı, quru süddən hazırlanmış məhsullar da var. Amma bir sıra dövlətlərdə həmin fərq qanunvericilik ilə tənzimlənsə də, bu fərq Azərbaycan qanunvericiliyində tənzimlənmir. Yəni istər təbii süddən, istər quru süddən istifadə edilsin, bunun bazarda nə qiymət fərqi yoxdur, nə də ki qanunvericilikdə belə bir fərq qoyulmayıb.

Medicina.az xəbər verir ki, bunu bakuposta müsahibəsində Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın “RAO Global Group” şirkətinin direktoru, iqtisadçı, hüquqşünas Rəsul Orucov bildirib.

"Bir sıra dövlətlərdə - Rusiyada, Belarusiyada, Almaniyada mütləq şəkildə yazılır ki, bu təbii süddən, yoxsa quru süddən hazırlanıb. Məsələn, günümüzdə südün maya dəyəri 60-65 qəpikdən aşağı deyil, amma quru süd əmələ gələn zaman dəfələrlə aşağı qiymətə olur. Ona görə də süd emalı sahəsində nəinki təbii süddən, daha çox süd tozundan istifadə olunur. Bu da sözsüz ki, təbii süd istehsalçılarının səmərəsiz fəaliyyətinə gətirib çıxarır ki, son nəticədə də bank qarşısında olan öhdəliklərin icrasına maneələr törədir. Düşünürəm ki, bu sahənin tənzimlənməsi üçün buna fərq qoyulmalıdır.

Dövlət tərəfindən təbii süd istehsalçıları ilə süd tozundan istehsal olunan məhsullara ən azından fərq elə olmalıdır ki, tətbiq edilən ƏDV aradan qaldırılmalıdır. Eyni zamanda da bir müddətlik həmin müəssisələrə mənfəət vergisindən azad olunması tətbiq edilməlidir. Amma təəssüflər olsun ki, siz bu gün məhsulu təbii süddən də və ya quru süddən də hazırlasaz, ƏDV və mənfəət vergisi ödəyəcəksiniz. Yəni bu sahədə mövcud qanunvericilik bir qədər təbii süd istehsalçılarının səmərəsiz işləməsinə səbəb olur. Bu, səbəblərdən biridir.

Eyni zamanda Milli Məclis tərəfindən qərar qəbul edilərək, süd məhsullarının üzərində təbii süddən və ya süd tozundan hazırlanması mütləq şəkildə qeyd edilməlidir. İnsanlar da artıq bu qaydaya öyrəşərək bilsinlər ki, yəni məhsul təbii süddən, yoxsa süd tozundan istehsal olunub. Adicə bir məsələyə nəzər yetirək: günümüzdə istifadə olunan kərə yağlarının böyük bir hissəsi, təqribən 70%-ə qədəri idxaldan asılı bir vəziyyətdədir və kərə yağı ilə bağlı respublika daxilində çox az bir istehsal prosesləri həyata keçirilir. Bu da sözsüz ki, insanların təbii qidadan, yəni tam ekoloji cəhətdən təmiz qidalardan istifadəsinə bir qədər problemlər yaradır. Sözsüz ki, nə qədər təbii qida olarsa, insan orqanizminə də bir o qədər xeyri olar. Həmçinin həmin yağlar Azərbaycanda istifadə olunarsa, heyvandarlıq kompleksləri düzgün şəkildə inkişaf etdirilərsə, idxalda yağa çəkilən xərclər kifayət qədər aşağı düşər. Bu da ölkənin valyutasına da müsbət təsir edər və yerli istehsal hesabına təmin oluna bilər".