Su həyatın ən vacib elementi kimi əvəzolunmazdır. Yerin ¾ hissəsi su olsa da, içməli suyun miqdarı 1%-dən azdır. Araşdırmalara görə, dünya əhalisinin 1,6 milyardı təhlükəsiz və təmiz su baxımından problem yaşayır. Təxminən 4 milyard insan ildə ən azı bir ay su qıtlığından əziyyət çəkir. Əldə edilən məlumatlar göstərir ki, dünyada su qıtlığı artmaqdadır və 2050-ci ilə qədər dünya əhalisinin yarıdan çoxu su krizi yüksək olan bölgələrdə yaşayacaq.
Məhz bu vəziyyəti həll etmək və gündən-günə azalan suyun əhəmiyyətini vurğulamaq üçün Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi qərarı ilə 22 mart Ümumdünya Su Günü elan edilmişdir.
"Medicina" xəbər verir ki, burada əsas məqsəd dünya ölkələrində artan təmiz su probleminə diqqəti cəlb etməkdir. Bir gününü bu mövzuya həsr edən Birləşmiş Millətlər Təşkilatının üzvləri içməli su ehtiyatlarının qorunması və bərpası ilə bağlı konkret addımlar atmağı hədəfləyir.
Ümumdünya Su Günü hər il bir mövzuya əsaslanır. Məsələn, 2021-ci ilin əsas mövzusu “suyun dəyəri” kimi müəyyən edilib. Su ekosistem üçün əvəzolunmazdır və onun dəyəri yaxşı bilinməlidir.
2023-cü ildə bu gün su və sanitariya böhranını həllinin sürətləndirilməsi mövzusuna həsr olunub (BMT-nin Su Konfransı, 22-24 mart, Nyu-York). Su təchizatında fasilələr bütün sahələrdə - səhiyyə, qidalanma, gender bərabərliyi, məşğulluq, təhsil, sənaye və sülh quruculuğu sahələrində tərəqqiyə xələl gətirir. Milli hökumətlər və cəmiyyətin bütün səviyyələrində maraqlı tərəflər beynəlxalq səviyyədə razılaşdırılmış su ilə bağlı məqsəd və hədəflərə doğru irəliləyişi sürətləndirmək üçün könüllü öhdəliklər götürmək üçün əməkdaşlıq edəcəklər.
Suya qənaət günündə və sonra hər kəsin görə biləcəyi müxtəlif tədbirlər var. Onlardan bir neçəsi bunlardır:
Duş və krandan istifadə zamanı lazım olmadıqda suyu bağlayın.
Bitkiləri sulamaq üçün səhər saatlarına üstünlük verin, çünki buxarlanma azdır.
Diş fırçaladıqda bir qaba su alıb istifadə edin və ya suyun təzyiqini lap asta edin ki, artıq su boşuna axmasın
Meyvə və tərəvəzləri yuyarkən axar su əvəzinə qabda hazırlanmış sirkəli sudan istifadə edib, sonra yaxalayın.
Qabları yumaq üçün qabyuma vasitəsini dərin qabın içinə yığılmış suda həll edib, yuyun, sonra axar su ilə yaxalayın.
Çiləyici və ya şlanq əvəzinə bağçanı damcı suvarma sistemi ilə sulayın.
Sızan kranları təmir edin, onlara müntəzəm texniki qulluq göstərin və suya qənaət edən modelləri öyrənin.
Həyət evlərində mümkün qədər yağış suyunu toplayın; bu su avtomobillərin yuyulması, bağçılıq və bu kimi işlərdə istifadə oluna bilər.
Amaliya Rəhimova
həkim - nutrisoloq