Müasir insanın həyatının ayrılmaz hissəsinə çevrilən əsəb, gərginlik və stres ürək xəstəliklərinin yaranma səbəblərindən biridir.
Medicina.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, stres beyində amiqdala adlanan hissənin yüksək aktivliyi nəticəsində ortaya çıxır ki, bu da ürək xəstəlikləri və insult riskini artırır:
"Kişilər stresə daha meylli olurlar, siqaret çəkən kişilərdə testosteron hormonu çoxalır, bu da ürək və damar sisteminə ziyandır. Qadınlarda isə bu hormon əksinə, qan-damar xəstəliklərinin qarşısını alır. Qadınlarda klimaks dövründə estrogen hormonu azaldıqca ürək xəstəlikləri riski baş qaldırır".
Həkim əlavə edib ki, ürəyin sağlamlığını qorumaq istəyən insan özünü stresdən, həyəcandan qorumalıdır. Fiziki aktivlik stresin ürəyə olan təsirini azaldır. Kifayət qədər yuxu və istirahət ürək sağlamlığı üçün çox vacibdir.