Son illərdə artan stres səviyyələri bir çox sağlamlıq problemlərinə səbəb olur.
Medicina.az xəbər verir ki, qastroenteroloq Dr. Tülin Kendir Koçak stresin reflüksə ciddi təsir etdiyini və xəstəliyin şiddətini artıra biləcəyini açıqlayıb.
“Reflüks mədə turşusunun qida borusuna yığılması nəticəsində yaranan bir xəstəlikdir. Mədə tərkibinin yemək borusuna geri axması yanma hissi, həzmsizlik və digər xoşagəlməz simptomlara səbəb ola bilər. Stres altında olduqda, mədə turşusu istehsalı artır. Bu da reflüks riskini artıra bilər”, - deyə həkim qeyd edib.
Onun sözlərinə görə stres bədəndə əzələ gərginliyinə səbəb olur:
"Qida borusunu əhatə edən əzələlərin gərginliyi mədə məzmununun geri sızma ehtimalını artırır”.
Qastroenteroloq stres altında olan insanların daha çox qeyri-sağlam yemək vərdişlərinə yiyələndiklərini diqqətə çatdırıb.
“Fast-food, yağlı və ədviyyatlı qidalar reflüksə gətirib çıxarır. Stres həzm sisteminin normal fəaliyyətinə də təsir edərək bağırsaq sağlamlığını poza bilər. Bu isə mədənın boşalma sürətini artıraraq reflüks riskini artıra bilər", - deyə həkim vurğulayıb.
Dr. Tülin Kendir Koçak diqqətə çatdırıb ki, stresi azaltmaq və onunla mübarizə aparmaq reflüks ilə mübarizədə təsirli bir strategiyadır.
“İdman etmək stresi azaltmağın ən təsirli yollarından biridir. Gündəlik gəzintilər, yoqa və ya idman fəaliyyətləri bədəni tarazlaşdırmağa kömək edə bilər. Balanslaşdırılmış və sağlam qidalanma orqanizmin ehtiyac duyduğu maddələri almasını təmin edir, bu, streslə mübarizədə çox təsirlidir.
Meditasiya, dərin nəfəs məşqləri kimi stres idarə etmə üsullarını öyrənməklə də gündəlik stres səviyyəsi azaldıla bilər.
Ən vacib amillərdən biri də yuxudur. 7-8 saatlıq nizamlı yuxu orqanizmin istirahətini təmin edərək streslə mübarizədə mühüm rol oynayır.
Bütün bunlar sayəsində reflüks problemi idarə oluna, həyat keyfiyyəti yaxşılaşdırıla bilər", - deyə qastroenteroloq vurğulayıb.
Aysel