1945-ci il Sovetlər İttifaqının faşizm üzərində qələbəsindən sonra Stalin hər il Qələbə paradı təşkil edirdi. Hər paradda sağ qalmış, lakin bədəni parça-parça olmuş, iki gözü kor, əlsiz-ayaqsız veteranlar da üzə çıxırdı. Onların çoxundan ailəsi imtina etmiş, yüzlərlə əsgər küçələrdə dilənir, vağzallarda yatırdı.
Bakupost.az xəbər verir ki, 1949-cu il paradından öncə Stalin ölkəni müharibənin eybəcər qalıqlarından, əlil yükündən xilas etməyin yolunu tapdı. Həmin il Stalinin 70 illik yubileyi də qeyd olunacaqdı.
Həmin il 9 maya qədər SSRİ-də, xüsusən Rusiyanın iri şəhərlərində, qəsəbələrdən hərtərəfli şikəst olmuş, bədəni parçalanmış, üzü-bədəni yanmış, eybəcər görünüşdə olan bütün veteranları yığıb, qatarlarla uzaq Sibir çöllərinə apardılar. Ciddi əlilliyi olan, üzü və bədəni eybəcər hala düşmüşləri güllələyib, qalanlarını Valaam adasına yerləşdirdilər.
Valaam qətliamını araşdıran “Valaam dəftəri” kitabının müəllifi Yevgeniy Kuznesov SSRİ arxivlərindən bununla bağlı “Tam məxfi” kodlu sənədlərdə məhv edilənlərin təxmini sayını əldə edə bilib.
Bütünlükdə faşizmlə müharibədə 46 milyon insan yaralanmışdı.
Onlardan 775 min nəfəri kəlləsinin bir qismi dağılmış, 155 min bir gözünü, 54 min nəfər iki gözünü itirmiş kor, üzü parçalanmış və tanınmaz halda 500 min nəfər, qarın boşluğu parçalanmış, daxili orqanları tikilmiş 440 min nəfər, onurğa və boyunu sınmış 250 min nəfər, bir qollu 3 milyon, iki qolu olmayan 1 milyon, bir ayaqlı 2 milyon, iki ayağı kəsilmiş 1 milyon, əl-ayağı parçalanmış 515 min nəfər, “Samovar” adlandırılan, yəni həm ayağı, həm qolları itirilmiş 85 min nəfər, eləcə də çanaq hissədən vurulmuş və iflic olmuş 300 min əsgər və ya dinc sakin idi.
Valaam faciəsində daha çox iri şəhərlərdə, paytaxtlarda, şəhərin yaxşı yerlərində yaşayan, gözə dəyən, kimsəsiz, özünə baxa bilməyən, dilənən veteranlar yığılıb məhv edildi. Çoxu qırğından kəndlərə sığındı. Tam şikəstlər az halda ucqar kəndlərdə, kimin ki, qulluq edən ailəsi var idi, orda sağ qala bildi.
Sovet hökuməti bu eybəcər insanların şəhərin görünüşünü pozduğunu, insanları qorxutduğunu düşünürdü.
Amma digər əsas səbəb 30 milyon əlili təmin etmək, təqaüd vermək, müalicəsini həyata keçirməyə müharibədən çıxmış dövlətin maddi imkanının və buna istəyinin olmaması idi.
Görünür bu səbəbdən Stalin özünəməxsus şəkildə dövləti bu yükdən birdəfəlik, asan yolla xilas etmək qərarına gəlib.
1949-cu ildən sonra Sovet qələbə paradında, televiziya verilişlərində, bayram tədbirlərində, məktəblərdə veteranlarla görüşlərdə bir nəfər də olsun üzü yanmış, kəlləsi parçalanmış, əlləri-ayaqları ikisi kəsilmiş, eybəcər veteranlar görünmədi. Ucqar kəndlərdə sağ qalmışlara isə ciddi şəkildə ortalığa çıxmamaq, rayon, əyalət mərkəzlərində görünməmək tapşırılmışdı.
Hesablamalara görə, Valaam faciəsində 10 milyona yaxın əlil veteran məhv edilib.
Bir əli, bir ayağı olanlar, müharibədə igidlik göstərən minlərlə şikəst isə Sibirin ucqar kəndlərinə köçürülüb, taleyin ümidinə buraxılıb.
Bütün bu faktlar barədə “Valaam qeydləri” kitabında yazılıb.
Karel-Fin SSRİ Ali Sovetinin 1950-ci il qərarına əsasən Valaam adasında əlilllər üçün düşərgə təsis edildi.
İnternatın binası əvvəl monastır olmuşdu.
Bura 1950-1952-ci illər arasında minlərlə müharibə əlili gətirilidi. Xəstənin yanında kiçik kisədə sənədi, tibbi kitabçası var idi. Veteranın hansı cəbhədə döyüşdüyü, hansı medalları aldığı, necə yaralanması barədə heç bir məlumat, sənəd yox idi.
Valaam düşərgəsi 1985-ci ildə bağlanıb.
Aygün Musayeva