Bundan əvvəl “Spot” potensial təhlükəli obyektlərin distansiyalı yoxlanışı və qaz sızma yerlərinin axtarışı kimi müxtəlif sahələrdə tətbiq edilib, eləcə də tikinti meydançalarının yoxlanılmasına cəlb edilib. Bu dəfə robot itin başına planşet və radioqəbuledici bərkidilərək telekonfranslar üçün səyyar qurğu kimi tətbiq edilib.
“Spot” vəzifəsini videokonfranslar üçün xüsusiləşmiş robotlardan daha yaxşı yerinə yetirir. Robot itin elastik və möhkəm əl-ayaqları ənənəvi təkərli sistemlərin daxil ola bilmədiyi yerlərə nüfuz etməyə imkan verir. Modullu konstruksiya sayəsində “Spot” digər tapşırıqların yerinə yetirilməsi üçün uyğunlaşdırıla bilər.
Məsələn, hazırda “Boston Dynamics” robot itin temperatur, tənəffüs tezliyi, nəbz və qanda oksigenin miqdarı kimi həyati əhəmiyyətli sağlamlıq göstəricilərini məsafədən izləməyə imkan verən sistemlə təchiz edilməsi üzərində çalışır. Bundan başqa gələcəkdə robotun kürəyinə otaqların dezinfeksiyası üçün ultrabənövşəyi lampalar bərkidiləcək.
“Boston Dynamics” şirkəti 10 ildir “Spot” robotunun hazırlanması ilə məşğuldur. Dördayaqlı robot elektromotor vasitəsilə işə salınır. Manipulyator robota əşyaları tutmağa və aparmağa imkan verir. “Spot” 14 kq ağırlığında yükləri qaldıra bilir, onun quraşdırılmış kameraları isə 360 dərəcə görməni təmin edir.