Mövsümi günlərdə zəhərlənmə riskinin artması əhalini narahat edən əsas problemlərdəndir. O cümlədən, ölkəyə saxta və ya mənşəyi məlum olmayan spirtli içkilərin idxal olunması ilə bağlı məsələlər ictimai maraq kəsb edir.
Medicina.az moderator.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra respublikamıza idxal olunur. Əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa, Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır.
Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə rəsmi sorğusuna cavab olaraq Mərkəzdən bildirilib ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində 2018-ci ilin ötən dövrü ərzində idxal olunan spirtli içkilərlə əlaqədar kimyəvi zəhərlənmə və ölüm hadisələri qeydə alınmayıb.