Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

  • 2017.11.21 14:11
  • 17945 Baxış
Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? –  PEDİATR TÖVSİYƏSİ
Havaların kəskin soyuması orqanizmdə bir çox xəstəliklərə və narahatlıqlara səbəb olur. Xüsusilə də südəmər və azyaşlı uşaqlarda bu hallara daha sıx rastlanır. Onların əksəriyyətində burun axması, öskürək, yüksək hərarət müşahidə olunur. Bəs azyaşlıları bu soyuq aylarda infeksiya və viruslardan qorumaq üçün valideynlər nələrə diqqət etməlidir?

 

Medicina.az ailem.az-a istinadən bununla bağlı pediatr Günay Rəsulovanın fikirlərini təqdim edir.  

 

Həkim bildirir ki, soyuq havalarda uşaqlarda bəzi infeksion xəstəliklərin görülmə riski yüksəlmiş olur:  "Uşaq orqanizmində yay fəslindən payız fəslinə keçərkən ümumiyyətlə, kəskin hava dəyişiklikləri zamanı immunitet aşağı düşür və asanlıqla virus və bakterial infeksiyaya yoluxurlar. Xüsusilə bağça və məktəbə gedən uşaqlar günlərinin çoxunu qapalı mühitdə keçirdiklərinə görə, bu hallar daha da çoxalır. Çünki qapalı mühitlərdə infeksiya və virusların yayılma ehtimalı çox olur”.

 

G. Rəsulovanın sözlərinə görə, bu ərəfədə uşaqlarda kəskin infeksion xəstəliklərə də rast gəlinir: "Xüsusən koksaki, suçiçəyi virusu olur. Həmin virusun əlamətləri yüksək qızdırma, halsızlıq, daha sonra səpkidir. Səpkilər daha çox qaşınan və narahat edən səpkilərdir. Bu xəstəliklərdən də qorunmaq üçün sağlam uşaqları xəstə uşaqlarla kontaktdan qorumaq lazımdır. Bu yolla adətən çox yayılan epidemiya halını almış bəzi infeksion xəstəliklərdən uşağı qorumaq olar. Kəskin infeksion xəstəliklərin xüsusi müalicəsi yoxdur, sadəcə simptomatik müalicə aparılır. Uşaqda ağırlaşmaların olmaması üçün həkim nəzarətində olmalıdır. Qaşınmanı götürmək üçün də antihistamin dərman preparatı istifadə oluna bilər. Bu viruslu infeksiyalar zamanı uşağa bol maye verilməlidir. Burun tıxanıqlığını aradan qaldırmaq üçün dəniz suyu damcıları ilə burunu yuyaraq, açıq tutmaq lazımdır. Həmçinin uşağa bol vitaminli qidalar verilməlidir. İştahsız uşaqları isə qidalanmaya məcbur etmək olmaz. Onların özlərinin yemək istəməsini gözləyin”.

 

Pediatr söyləyir ki, bu viruslara yoluxmamaq üçün uşaqlar açıq havada mümkün qədər çox olmalıdırlar. Pəncərələr açılaraq, tez-tez otağın havası dəyişdirilməlidir. Valideynlər mümkün olduğu qədər, xəstə uşaqları bağçaya, məktəbə göndərməməlidirlər. Onlar evdə saxlanılaraq müalicə edilməlidir. Əgər uşaq xəstə halda bağçaya, məktəbə gedərsə, qoruyucu tənziflərdən, maskalardan istifadə olunmalıdır: "Xəstəlik hallarında qızdırma varsa, qızdırmasalıcı dərmanlardan istifadə etmək olar. Burun damcılarından, boğaz spreylərindən istifadə edə bilərlər. Virus əleyhinə xüsusi bir müalicələr yoxdur. Əgər ağırlaşmalar varsa, həkim nəzarətində bir sıra dərman preparatları ilə müalicə edilməlidir. İstənilən növ virus infeksiyaları bakterial infeksiya ilə ağırlaşa bilər. Məsələn, üst tənəffüs yolunun infeksiyası varsa, bu, rinitə, pnevmaniyaya, sinusitə və sair keçir. Bəzi viruslar var ki, beyinə təsir edərək, meningit yaranmasına səbəb olar. Mədə- bağırsaq infeksiyaları uşaqlarda ağırlaşaraq, bağırsaq qanamalarına və ishala, susuzlaşmaya gətirib çıxara bilər”.

 

Mütəxəssis xəbərdarlıq etdi ki, südəmər uşaqları mümkün qədər xəstə insanla təmasdan uzaq tutmaq lazımdır. Çünki hər hansı virus infeksiyası onlarda asanlıqla ağırlaşma verə bilər: "Ona görə də südəmər körpələr mütləq həkim nəzarətində olmalıdır. Südəmər uşaqları evdə təbii üsullarla müalicə etmək qətiyyən düzgün deyil. Bu, bir sıra fəsadlara gətirib çıxara bilər. Bir də ən əsası, körpəni ana südü ilə qidalandırmaq lazımdır. Çünki ana südündə müəyyən qədər uşaqları qoruyan maddələr var”.

 

Əksər hallarda valideynlərin uşaqlara vitamin preparatları verməsinə də münasibət bildirən həkim deyir ki, bu üsul xəstəliklərə qarşı qorumur: "Bu vitaminləri konkret olaraq hansısa vitaminin çatışmazlığı zamanı həkimin məsləhəti ilə vermək olar. Yerli-yersiz vitamin komplekslərindən istifadə həm xəstəliklərdən qorumur, həm də uşaqlarda bir sıra allergik reaksiyalar verir. Uşaqlara zorla müəyyən bir preparatı vermək onlarda psixoloji narahatlıqlara gətirib çıxarır. Yəni vitamin preparatlarının hər hansı bir xəstəliklərə qarşı qoruyucu, immunitet gücləndirici təsiri sübut olunmayıb.

 

Bundan başqa, uşaqda hər hansı virus infeksiyası əlaməti aşkar etdikdə həkim məsləhəti olmadan gedib antibiotik və yaxud güclü dərmanlar alınmamalıdır. Balanslı qidalanma olmalıdır. Uşağın qida rasionunda mümkün qədər zülallar, ət və ət məhsulları, süd və süd məhsulları, meyvə, tərəvəz olmalıdır. Maye qəbulu artırılmalıdır. Mümkün qədər süni şəkərlər, karbohidratlardan, orqanik olmayan qidalardan uzaq durulmalıdır. Həftədə 2-3 dəfə minimum balıq məhsullarından istifadə etməlidirlər. Heyvani ət və ət məhsulları da qida rasionunda olmalıdır ki, dəmir çatışmazlığı yaşanmasıın. Dəmir əskikliyi uşaqlarda immunitetin aşağı düşməsinə, ümumi halsızlığa, xəstəliklərə qarşı müqavimətin azalmasına gətirib çıxarır”.