Son dövrlər nevroloji problemlərlə əlaqədar Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edən pasiyentlərin sayında artım müşahidə olunur.
Təxminən hər ay 1800-2000 nəfərə yaxın insana Mərkəzin Nevrologiya şöbəsində ambulator xidmət göstərilir. Bu ötən ilin analoji dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.
Medicina az xəbər verir ki, KTM-in Nevrologiya şöbəsinin həkim-nevroloqu Gülarə Kazımovanın sözlərinə görə, burada əsas faktor icbari tibbi sığortanın insanlar üçün əlçatan olması ilə bağlıdırsa, digər səbəblər müasir dövrdə insanların həyat tərzi ilə əlaqədardır:
“Stress, əsəb, iqlim dəyişikliyi kimi hallar bu xəstəliklərin artmasına təsir edən əsas faktorlardandır. Həmçinin qida rejimi də burada mühüm rol oynayır. “Fastfood” və digər qeyri-sağlam qidaların qəbulu bu xəstəliklərdən əziyyət çəkənlərin sayını artırır. Bununla yanaşı mobil telefon və digər texnoloji cihazlar da nevroloji xəstəliklərdən əziyyət çəkənlərin sayını artırır. Sadalanan faktorlar nəinki xəstəliyin artmasına, eyni zamanda bu xəstəliklərin cavanlaşmasına gətirib çıxarır. Əvvəllər biz adətən 50 yaşdan yuxarı insult xəstələrinə rast gəlirdik. İndi isə hətta 28 yaşında belə kəskin insult xəstəliyindən əziyyət çəkən insanlar bizə müraciət edir”.
Sosial şəbəkələrdən həddən çox istifadə edən şəxslərdə də nevroloji problemlər müşahidə olunur.
Həkim-nevroloq G.Kazımovanın sözlərinə görə, sosial mediadan aldığımız neqativ yüklü informasiyalar insanların sağlamlığına çox ciddi mənfi təsirlər göstərir. Nəticədə nevroloji problemlər özünü büruzə verməyə başlayır. Pasiyentlər əsasən baş və bel ağrılarından şikayət edir:
“Əgər özünüzdə dərmana tabe olmayan baş və bel ağrıları, baş gicəllənmə kimi hallar müşahidə edirsinizsə, dərhal nevroloqa müraciət etməyiniz tövsiyə olunur. Bəzən bu cür ağrılardan əziyyət çəkən insanlar tamamilə başqa sahənin həkimlərinə müraciət edir. Nəticədə xəstələrə düzgün müayinə və müalicə təyin olunmur. Bu isə nevroloji xəstəliklərin daha da inkişaf etməsinə səbəb olur. Ona görə də baş və bel ağrısı olan xəstələrin ilk olaraq, nevroloqlara müraciət etməsi məsləhətdir. Xəstənin vəziyyəti ağırlaşdıqda poliklinika göndərişi əsasında və ya təcili tibbi yardımla stasionar müalicəyə qəbul olunur”.
Məlumat üçün bildirək ki, nevroloji problemlərin kəskinləşməsi səbəbi ilə son üç ayda 365 nəfər stasionar müalicə almaq üçün KTM-in Nevrologiya şöbəsinə müraciət edib. Onlardan 124 pasiyent iyun, 126-sı iyul və 115-i isə avqust ayında bu şöbədə stasionar müalicə alıblar.