ABŞ Universitetinin bir qrup mütəxxəssisi yeni tədqiqatları ilə sosial şəbəkənin daha bir zərərli tərəfini sübut ediblər.
Onların təcrübəsi və statistik məlumatı göstərib ki, sosial şəbəkədə daha çox dostu olanın ümumi sağlamlığında aşağı göstəricilər qeydə alınıb, onlar daha tez-tez xəstələnir.
Alimlər təcrübələri üçün 90 nəfər kollec tələbəsini seçiblər. Onlar sosial şəbəkələrdəki dost sayı, aktivlikləri və s barədə anket dolduraraq, 10 həftə ərzində bu məlumatları yeniləmiş, eyni zamanda həkim müayinəsindən keçmişlər. Nəticədə sosial şəbəkədə həyəcanlı aktivlik göstərən, daha çox dostu olan tələbələrin risk qrupunda olduğu aydınlaşıb: onların stres vəziyyəti, immuniteti və ümumi əhvalı zəif olub, respirator xəstəliklərə daha çox yoluxublar. Bu insanları sorğularının iqnor olunması, oxunmamış ismarıclar, rəylər, almadığı cavablar, həmçinin dostlarının vəziyyəti və həyatı ilə bağlı aldıqları informasiyanın təsirindən psixoemosional durumlar narahat etdiyindən bu amillər səhhətlərində də iz qoyub.
Daimi olaraq dost siyahısının yenilənməsi insanı özgə informasiyana kökləyir, sanki narkotik asılılığı yaradır. Bu adamlar üçün bir neçə saatlıq internetin olmaması və sosial şəbəkədən xəbərsizlik narkotikdən asılı adamlarda olduğu kimi "lomka” vəziyyəti yaradır.
Təcrübədə iştirak edən sosial şəbəkədə aktiv insanların yuxu ilə bağlı problemləri olduğu da üzə çıxıb.
Araşdırmanın müəllifi Cey Kampisi məsləhət görür ki, sağlamlığı qorumaq naminə və yaxşı əhvalda olmaq üçün sosial şəbəkədə olmaq və oturmaq zamanını konkret olaraq sutka ərzində dəqiqləşdirmək və buna əməl etmək lazımdır. Onun əvəzinə daha maraqlı, lazımlı işlərlə məşğul olmaq, açıq havada olmaq məsləhətdir.
Sosial şəbəkədəki dost-tanışa görə isə narahat olmayın, onlar ordadır, əgər vacib xəbər olarsa, o sizə bir yolla çatacaq. Əgər sosial şəbəkədən qaynaqlanan stress xroniki hala keçərsə, allergik reaksiyalar və ya autoimmun problemlər başlaya bilər.
Ona görə sağlamlığınız naminə sosial şəbəkədən istifadəni minimuma endirmək lazımdır. Çünki siz xəstələnəndə, facebookdakı dostlarınız " Allah şəfa versin” sözünü yazmaqdan başqa bir işə yaramayacaq.