PloS ONE elmi jurnalında dərc olunmuş yeni araşdırmanın nəticələrinə görə, 800 milyon facebook və Twitter istifadəçilərinin sosial şəbəkələrdəki qeyd və statuslarının analizi göstərib ki, gecəyarı saat 3-4 arası insanlar daha çox din, ölüm və intihar barədə düşüncələrə dalır və fikirlər yazır. Yalnız səhər 6-7-dən sonra analitik düşüncə qabiliyyəti işə düşür.
Medicina.az xarici mənbələrə istinadən bildirir ki, orqanizmdə gedən bioloji proseslərin tsiklik dəyişməsi gecə və gündüz saatlarında fərqli olur, buna çirkad ritmlər deyilir. Bu ritmlər işıqla tənzimlənir və insanın sutkalıq fəaliyyətinə və xarakterinə təsir edir.
Psixoloqlar güman edir ki, bu ritmlər emosional vəziyyətə də təsir edir.
Yeni araşdırmanın rəhbəri Fabon Dzoqanq insanların sosial şəbəkədə tvitləri vasitəsilə onların psixoemosional vəziyyətlərinin gün ərzində necə dəyişdiyini aydınlaşdırmaq istəyib. 2010-2014-cü illəri əhatə edən araşdırmada alimlər Böyük Britaniyanın 54 iri şəhərinin əhalisini əhatə ediblər. Xüsusi proqramla 800 milyon tvit və 7 milyard söz araşdırılıb. Məlum olub ki, gecə 3-4 arası və gündüz saat 10:00 insanın psixi durumunda çox vacib dəyişikliklər baş verən saatlardır. Gecəyarı yazılan rəylər, tvitlər daha pessimist, ölüm və intiharla bağlı olur, ikinci yerdə isə dini postlar durur.
Səhər saat 7:00-10:00 arası insanlar uğurlar, iş, risklər və şəxsi həyat problemləri ilıə bağlı yazır. İnsanın ən xoşbəxt saatları bazar günü səhər və axşam tərəfidir.
Analitik düşüncələrin qabardığı saatlarda orqanizmdə kortizolun səviyyəsi artır, serotonim isə azalır. Gecəyarı pessimist fikirlər "beyinə vuran” saatlarda isə əksinə serotonin pik həddə çatır. Analiz onu da göstərib ki, sosial şəbəkələrdə intensivlik qrafiki kardioqramma çəkimini xatırladır və eynilə onun kimidir.