Psixoloq Ecem Özcan Tatlıdil sosial media asılılığı ilə bağlı vacib məlumatlar paylaşıb.
Medicina.az xəbər verir ki, psixoloq sosial mediadan iş tapmaq, öz işini qurmaq, sosiallaşmaq kimi müsbət nəticələr əldə edənlərlə yanaşı, onun əsirinə çevrilib həyatını məhv edənlərin çoxluq təşkil etdiyini bildirib.
“Sosiallaşmaqdan qaçıb passiv tamaşaçıya çevrilmək istəyən insanlar sosial mediaya daha çox üstünlük verirlər. Onlar sosial medianı sığınacaq liman kimi görürlər. Sosial media asılılığı baxımından illər ərzində özünü göstərən ən təsirli dalğa sosial media platformalarının - 2003-cü ildə “Myspace”in və 2004-cü ildə “Facebook”un fəaliyyətə başlaması ilə üzə çıxdı. Sosial media platformalarının ilk yarandığı dövrlər və zamanla baş verən dəyişikliklər sosial medianın insanların həyatındakı yeri ilə bağlı mühüm ipucları verir”.
Psixoloq sosial media asılılığının 9 diaqnostik kriteriyası olduğunu bildirib və bunları aşağıdakı kimi sıralayıb:
- Beynin daim internetlə məşğul olması,
- İnternet olmadıqda yaranan narahatlıq,
- İnternetdə sərf olunan vaxtın fərqində olmamaq,
- İnternetdə keçirilən vaxtı azaltmaq cəhdlərinin uğursuzluqla nəticələnməsi,
- Yaranan problemlərə baxmayaraq sosial mediadan istifadəyə davam etmək,
- İnternetdən kənar heç nəyə maraq göstərməmək,
- Hobbi və ya əyləncə fəaliyyətlərinin olmaması,
- Disforik əhval-ruhiyyəni aradan qaldırmaq və ya qarşısını almaq üçün internetdən istifadə,
- İnternetdə daha çox vaxt keçirmək üçün ailə üzvlərinə, dostlara və s. yalan danışmaq,
- İnternetdə daha çox vaxt keçirmək üçün vacib əlaqələri, təhsil və ya iş imkanlarını əldən vermək.
Psixoloq qeyd edib ki, aparılan araşdırmalar sosial media aludəçilərinin bəzi ortaq xüsusiyyətlərini üzə çıxarıb:
“Tədqiqatlar göstərdi ki, “Facebook” və buna bənzər platformalardan asılı hala gələnlərin çoxu narsistlərdir. Narsistlər öz həyatlarının hər bir detalını dünyada hər şeydən daha vacib gördükləri üçün “Facebook”, “Instagram” və “TikTok” kimi yerlərdə özlərilə əlaqəli və ya özlərini əks etdirən anları dərhal paylaşmağı xoşlayırlar”.
O, sosial media asılılığının müalicəsindən də danışıb:
“Müalicədə həm farmakoterapiya, həm də psixoterapiya üsulları tövsiyə olunur. Farmakoterapiya ilə müalicə üsulunda antidepresantlara üstünlük verilir. Bundan əlavə, psixoterapiya ilə müalicə çərçivəsində koqnitiv-davranış terapiyası və lazım gələrsə, ailə terapiyası tətbiq olunur".
Aysel