"Dərmanlar üzərində vahid nəzarət sistemi yoxdur".
Son zamanlar xəstəliklərin artması və onların müalicəsinin effekt verməməsi dərman preparatlarının keyfiyyətsizliyi ilə əlaqələndirilir.
Medicina.az-ın vətəndaşlar arasında keçirdiyi kiçik sorğudan bəlli olur ki, xüsusilə qrip üçün olan dərmanlardan daha çox şikayətlər var. Bunlar arasında toz dərmanlar, nurofen, paracitamol, rutin, ibufen, El- troksin, sinir otu, yod, spirt, zelyonka və s kimi dərman preparatları da var.
Məsələ ilə bağlı medicina.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dərmanlarla bağlı idarəyə xeyli şikayətlərin daxil olduğunu deyib:
"Əvvəl alınan dərmanların indi eyni keyfiyyətə malik olmaması, ağızda acılıq dadı verdiyi və s haqda narazı məktublar alırıq. Biz də Səhiyyə Nazirliyinə ərizə yazaraq bu şikayətləri bildiririk”.
Səhiyyə Nazirliyi qida əlavələrinin dərman preparatı kimi satılaraq vətəndaşları aldadılması faktını təsdiqləyib.
"Bundan əlavə olaraq nəzərinizə çatdırım ki, sinir otunun şəkər xəstəliyi müalicəsində effektiv olduğu deyilir. Amma bunun həmin xəstəliyə heç bir faydası yoxdur. Nazirlik də bununla bağlı açıqlama verib. Onların sözlərinə görə, bu sadəcə reklam məqsədi daşıyır”, - deyə Eyyub Hüseynov bildirib.
Tibb üzrə ekspert Adil Qeybulla da mövzu ilə bağlı saytımıza açıqlama verərək Azərbaycanda dərman bazarının hazırda ürəkaçan olmadığını vurğulayıb:
"Xəstələr dərmandan effekt görmədikdə bu cür şübhələrə düşürlər. Ancaq bunlar hüquqi əsas vermir ki, dərmanlar barədə iddia irəli sürək. Bu söz-söhbətlər araşdırılmalıdır. Səhiyyə nazirliyinin vacib strukturları buna aydınlıq gətirməlidirlər. Ancaq təəssüf ki, keyfiyyətsiz dərmanların satışda olması faktdır. Çünki dərman bazarı Səhiyyə Nazirliyinin deyil, ayrı-ayrı şirkətlərin nəzarəti altındadır. Ona görə, bu cür dərmanlar Azərbaycana ayaq açır”.
Qeybulla hazırda dərmanların üzərində vahid nəzarət qurumunun olmadığını və həlli üçün konkret addımlar atılmalı olduğunu qeyd edib.
"Azərbaycana daxil olan bütün dərmanlar yoxlanılmalıdır, dövlət reystrinə daxil edilməlidir və təhlükəsizlik parametrləri təsdiq edilməlidir. Əhali isə bundan xəbərdar olmalıdır. Hazırda satışda olan bir çox dərmanların tərkibindəki əsas təsiredici maddə tam təmizlənmiş deyil. Bu da dərmanın təsirini azaldır. Səhiyyə Nazirliyinin müvafiq strukturları var. Vətəndaş bunu aşkar etdikdə nazirliyin innovasiya idarəsinə müraciət etməlidir. Onlar dərmanı analitik labaratoriyaya göndərirlər və bu məsələyə aydınlıq gətirirlər”,-deyə ekspert bildirib.
Şəhanə Quliyeva