Elmi-tibbi tədqiqatın nəticələrinə əsasən, sonsuzluq müalicəsi alan kişilərin sonradan prostat xərçənginə tutulmaq riski daha yüksəkdir.
Britaniya Tibbi Jurnalında nəticələri dərc olunmuş tədqiqatda son 20 il ərzində İsveçdə 1,2 milyonadək hamiləlik halları nəzərdən keçirilib.
Kişi sonzuluğu müalicəsini (ICSI) alanların prostat xərçənginə tutulmaq riski daha yüksək olub.
Britaniya Prostat Xərçəngi təşkilatının bildirdiyinə görə, ICSI müalicəsini alan kişilərin daha yüksək risk altında olmalarını iddia etmək üçün daha geniş yaş çərçivəsində kişiləri yoxlamadan keçirmək lazımdır.
İsveçin Lund Universitetindən tədqiqatçılar milli doğuş və xərçəng qeydlərinə dair məlumat bazasından istifadə ediblər.
Onlar 1994-2014-cü illərdə bir milyondan çox doğuş və xərçəng xəstəliyi hadisələrini nəzərdən keçiriblər.
Körpələrin əksəriyyəti - 97 faizi təbii yolla əmələ gələn hamiləlik nəticəsində doğulub, 1,7 faizi və 20618 körpə IVF üsulundan istifadə olunmaqla hamiləlikdən sonra doğulub.
Məlumat bazasında sonzuluğun kişi və qadınla bağlı olduğu göstərilməyib.
Doğuşların 1,7 faizi və 14882-i keyfiyyətli sperma seçilərək birbaşa qadın yumurtasına vurulması üsulu ilə keçirilmiş ICSI-nin nəticəsidir.
ICSI üsulundan ilk dəfə 1992-ci ildə İsveçdə istifadə olunub və hər belə bir hal qeydiyyatdan keçirilib.
Təbii yolla doğulanların 0.28 faizində prostat xərçəngi diaqnozu müəyyən olunub, IVF qrupunda belələri 0.37 faiz olub, ICSI qrupunda isə 0.42 faiz olub.
ICSI qrupundakı kişilərdə 55 yaşından əvvəl erkən başlayan prostat xərçənginin inkişaf riski daha yüksək olub.
Tədqiqata rəhbərlik edən professor Yvonne Lundberg Giwercman BBC-yə deyib: "Prostat xərçənginin statistikası aşağıdır, lakin bu kişilər çox gəncdir".
"Onlar kiçik, yüksək riskli bir qrupdur və biz onları daha yaxından izləməliyik."
O, əlavə araşdırmaların aparılacağına ümid etdiyini söyləyib.
"Kişilərin sonsuzluğunun kişi sağlamlığı üçün həyəcan siqnalı rolunu oynadığı ehtimalı irəli sürülüb. Həm kişilər, həm də həkimlər bu məsələyə daha artıq diqqət yetirilməlidir", - Sheffield Universitetinin andrologiya professoru Allan Pacey deyib.
O əlavə edib: "Bu qeyd olunmalıdır ki, prostat xərcənginin səbəbi süni mayalandırma ilə bağlı deyil, amma hər ikisinin səbəbi əlaqəli ola bilər".
"Yəqin ki, 20-30 yaşlarında nəsilartırma funksiyasında problemlə üzləşən bütün kişilərə 50-60 yaşlarında hansı problemlə üzləşə biləcəkləri barədə xəbərdarlıq edilməlidir ki, onlar özlərini həkimə bir qədər tez yoxlatsınlar", - Allan Pacey deyib.
BBC Azərbaycanca