Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Son 102 ilin ən pis dövrünü və xəstəliyini yaşayırıq- Amerikalı infeksionist

  • 2020.11.19 17:27
  • 1667 Baxış
Son 102 ilin ən pis dövrünü və xəstəliyini yaşayırıq - Amerikalı infeksionist

ABŞ-da nəşr olunan “The Wenatchee World” qəzetinin dərc etdiyi “Covid-19 vaksininə hazırlıq” başlıqlı məqaləsinin müəllifi həkim-infeksionisti Mark Conson koronavirus barədə fikirlərini yazıb.

Medicina.az novator.az-a istinadən həmin məqaləni təqdim edir:



Koronavirus pandemiyası son səkkiz ayda hamımızın həyatına kəskin şəkildə təsir edib. Bu xəstəlik hələ bitməyib və gəlin baxaq görək cəmiyyətimizin üzvləri kimi biz sosial məsafə saxlayırıqmı, maska taxırıqmı, xəstələndiyimiz halda evdə qalırıqmı? Ümid edirəm ki, tezliklə vaksin sayəsində bu vəziyyətdən qurtulacağıq.

Lakin koronavirus narahatlığa səbəb olan yeganə respirator virus infeksiyası deyil. Yadda saxlamalıyıq ki, indi qrip mövsümündəyik və bu xəstəlik hər il adətən noyabrdan aprelə qədər davam edir. Tutqun, soyuq qış fəslində qapalı yerlərdə daha çox vaxt keçirdiyimizə görə bu qış həm koronavirusa, həm də qripə yoluxa bilərik, amma bu iki xəstəliyi yalnız simptomlarla bir-birindən seçmək əslində qeyri-mümkün olacaq.

Buna baxmayaraq biz qripə qarşı hazırlıq görə bilərik, indi mövsümi qrip peyvəndini vurdurmağın əsl vaxtıdır. Biz həmçinin Covid-19 vaksininə hazırlıqlı olmalıyıq. Onun üstünlüklərini və riskli tərəflərini öyrənməliyik. Təhlükəsiz və sınaqdan keçirilmiş vaksin əldə olunan kimi hər birimiz həmin vaksindən istifadə etməliyik.

Vaksinlərin uzunmüddətli immunitet bəxş etdiyi digər viruslardan (məsələn, qızılca) fərqli olaraq, qrip virusu öz genetikasını hər il dəyişir. Nəticədə hər qış qripə yoluxmalar olacaq və bundan qorunmaq üçün hər il yeni vaksin tətbiq edilməlidir.

Ötən il ABŞ-da qrip mövsümündə təqribən 38 milyon nəfər qripə yoluxub; onlardan 404 min nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanalara yerləşdirilib, 22 min nəfər isə qripdən vəfat edib.

Qriplə Covid-19-u bir-birindən fərqləndirmək vacib amilə çevriləcək. Simptomların aşkarlandığı insanlar hər iki xəstəliyə görə test olunacaqlar.

Qripə yoluxmuş insanların böyük əksəriyyətində simptomlar özünü büruzə verir. Covid-19-lu xəstələrin 45 faizində isə simptomlar aşkar olunmur, lakin xəstəlik daha yoluxucu olur. Covid-19-a yoluxma zamanı ölüm hallarının sayı qripdən təxminən 10 qat artıqdır. Covid-19-dan sağalan insanlar xəstəliyin simptomlarını həftələrlə, aylarla hiss edirlər. Bəzi insanlarda isə ömürlük ağciyər fibrozu yaranır. Yaşlı insanlar və müəyyən xroniki xəstəliyi olanlar Covid-19 səbəbindən yüksək ölüm riski daşıyırlar, sağlam, gənc insanlar isə bir neçə həftə sürən ciddi xəstəlik riski altındadırlar.

İşlədiyim Venatçi xəstəxanasında Covid-19-a yoluxmuş yüzlərlə ciddi xəstəyə tibbi xidmət göstərmək mənim üçün ağırdır. Bir çox pasiyentimizin hətta xəstəxanadan çıxdıqdan sonra tam sağalmaları üçün nə qədər vaxt lazım olduğunu düşünmək mənim üçün eyni dərəcədə ağırdır.

Mövsümi qrip vaksinini vurdurmaqla bərabər, əgər Covid-19-un da əhəmiyyətli dərəcədə azalmasını istəyiriksə, ona qarşı vaksin vurdurmaq hamımız üçün zəruri olacaq.

Bu vaksinlərin istifadəsinə zəmanət verilməmişdən əvvəl onların təhlükəsiz və effektli olmasına əmin olmalıyıq. Bu çox vacibdir. Kliniki sınaqlarda bir neçə namizəd vaksin var ki, onların təhlükəsizliyi haqqında ilkin dəlillər mövcuddur. Biz onların növbəti aylarda necə təsir göstərəcəyini, prosesin inkişafını yaxından izləyirik. Həmin vaksin sınaqlarına nəzarət edən müstəqil təhlükəsizlik və monitorinq komissiyaları vaxtaşırı yeniliklər haqqında məlumat verirlər. Ümid edirik ki, 2021-ci ilin əvvəllərində vaksinlər hazır olacaq.

Bəzi amerikalıların təhlükəsiz və effektiv Covid-19 vaksinindən imtina edəcəyi barədə narahatlıqlarımız var. Bu baş verərsə, fevral ayından bəri yaşadığımız iqtisadi, emosional və fiziki iflasa səbəb olan bu pandemiyanı nəzarət altına ala bilməyəcəyik, ölüm halları və xəstəliyin sayı artacaq. Peyvənd olunan insanların virusa yoluxma riskləri, o cümlədən digərlərini da yoluxdurma təhlükələri az olur. Vaksindən imtina etsək, Covid-19 xəstəxanalarda çoxalmağa davam edəcək, bu da potensial şəkildə əhəmiyyətli tibbi şərtləri məhdudlaşdırmalı olacaq.

Profilaktik tədbirlər Covid-19-un müalicəsində ən yaxşı üsul olaraq qalır. Etibarlı və effektiv vaksin tapılanadək maska taxmaq, mümkün qədər sosial məsafə saxlamaq, əlləri yumaq və ya tez-tez əl üçün antiseptiklərdən istifadə etməyə davam etmək, o cümlədən indiki vaxtda qripə qarşı peyvənd etdirmək və hər hansı simptom hiss etdikdə Covid-19 testindən keçmək lazımdır.

Bu, son 102 ildə bizim müşahidə etdiyimiz ən pis respirator infeksion xəstəlikdir. Fevraldan indiyədək Covid-19 haqqında cəmiyyəti kifayət qədər məlumatlandırmışıq və əl-ələ versək, minimum itki ilə bu pandemiyanın öhdəsindən gələ bilərik.